25 aprel 2024 10:05
177

 Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrində siyasi münasibətlərin yeri

Müasir Azərbaycan Respublikasının ərazisi iki əsrə yaxın müddət ərzində əvvəl Rusiyanın, sonra isə SSRİ-nin tərkib hissəsi olub. 1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra postsovet məkanında qalan ən böyük dövlət yeni  Rusiya oldu. Bu dövrdən Azərbaycanın qarşısında duran əsas xarici siyasət məsələlərindən biri Rusiya ilə normal qarşılıqlı münasibətlər qurmaq idi.

Azərbaycan xarici siyasəti qarşısında Rusiya ilə bağlı bir sıra yeni prinsipial problemlər dururdu: Rusiyanın Azərbaycan Respublikası ərazisindəki qoşunlarının çıxarılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında şimal qonşumuzun iştirakı, Xəzərin statusu məsələsinə Rusiyanın münasibəti və bu ölkədə yaşayan azərbaycanlıların taleyi. Bu məsələlərin həlli iki ölkə arasında münasibətlərin xarakterindən çox asılı idi.

Müstəqilliyin bərpasından sonrakı ilk illərdə iki ölkə arasındakı münasibətlər o qədər də asan olmayıb. Lakin Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət müsbət istiqamətdə dəyişməyə başladı. Məhz bu amillə bağlı olaraq 1993-cü ilin yayından başlayaraq bu ölkələr arasında strateji tərəfdaşlığın əsasları qoyuldu. Rusiyanın böyük dövlət olması, həm də qonşumuz olması bu dövlətlə münasibətlərə həssas yanaşmanı tələb edirdi. Eyni zamanda münasibətlərin daha geniş və səmərəli olmasının hər iki tərəf üçün faydası ola bilərdi.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci ildə qurulub. İkitərifli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Bu müqavilə ilə iki dövlət arasında geniş əməkdaşlığın əsası qoyuldu.

Prezident Heydər Əliyevin 1997-ci ilin iyulunda Boris Yeltsinin dəvətilə Rusiyaya ilk rəsmi səfəri ikitərəfli münasibətlərin qurulmasında əhəmiyyətli hadisə oldu. 2000-ci ildə V.Putinin RF-nin Prezidenti seçilməsi ilə bu ölkə rəhbərliyi Azərbaycanla münasibətlərdə daha praqmatik vəzifələr irəli sürməyə başladı. Əvvəlki dövrlərdən fərqli olaraq hər iki ölkənin milli maraqları ön plana çəkildi. Sonrakı dövrdə Azərbaycanın və Rusiyanın sıx dostluq münasibətləri qurması üçün əhəmiyyətli siyasi baza formalaşdırıldı.

Azərbaycan Respublikasının Prezidentləri Heydər Əliyev və İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidentləri V.Putin və D.Medvedyevin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafını sürətləndirdi.

Son illər Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə intensiv siyasi dialoq gedir. Bu amil 2016-cı il Aprel döyüşləri, 2020-ci il Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə Rusiyanın Azərbaycana münasibətdə daha konstruktiv mövqe sərgiləməsinə səbəb olmuşdur. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi münasibətlərinin də ölkələrin siyasi yaxınlaşmasına təsiri şəksizdir.

Prezident İlham Əliyevin Rusiyaya 22 aprel 2024-cü ildə etdiyi işgüzar səfəri də Rusiya-Azərbaycan münasibətlərinin, o cümlədən siyasi münasibətlərinin yüksələn xətlə getdiyini, ölkələrimiz arasındakı münasibətlərin daha da yaxınlaşdığını göstərən bariz nümunədir. Bu səfər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda keçmiş, Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi-ticarət əlaqələri, qarşılıqlı sərmayələrin qoyuluşu, humanitar və digər məsələlər müzakirə olunmuşdur.

Anatoli Orucov,
YAP Xətai rayon təşkilatının Telnov 6 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvü