26 aprel 2024 17:47
363

Nizami rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” mövzusunda tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, rayonun idarə və təşkilatlarının, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, ictimai birliklərin nümayəndələri, qazilər, şəhid ailələri və digər qonaqlar iştirak ediblər.

İlk öncə iştirakçılar Zərifə Əliyevanın həyatı və fəaliyyətini əks etdirən foto sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və sonra akademik Zərifə Əliyevaya həsr olunmuş videofilm nümayiş olunub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Sədaqət Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şərəf Cəlilli, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, “Yeni Klinika” tibb müəssisəsinin direktoru Barat Yusubov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, eləcə də zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışıblar.

Qeyd olunub ki, Zərifə Əliyeva Azərbaycanda tibb elminin inkişafına əhəmiyyətli töhfələr verib, oftalmologiya sahəsində elmi məktəb yaradıb, onun peşəkar həkimlik fəaliyyəti və təklif etdiyi yeni müalicə üsulları sayəsində on minlərlə insanın görmə qabiliyyəti bərpa olunub, minlərlə insan qlaukoma xəstəliyindən xilas edilib. Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir. Bu məktəbin yetirmələri Azərbaycanda oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verirlər.

Xüsusilə vurgulanıb ki, Zərifə Əliyeva öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə sözün əsl mənasında vətəndaşlıq örnəyinə, vəfalı ömür-gün yoldaşı olmaqla əsil Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilib.

Azərbaycan xanımlarının zərifliyinin, humanizminin və qayğıkeşliyinin mücəssiməsi olan Zərifə xanım Əliyeva öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacaqdır.

Zamin Məmmədov, "İki sahil"