30 aprel 2024 12:18
268

DVX 1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkar edib

Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Əməliyyat idarəsinin və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən anbarda qanunsuz şəkildə aksiz markasız tütün məmulatlarının saxlanması halları aşkar edilib.

"İki sahil” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, nəzarət tədbiri zamanı külli miqdarda satışa hazır aksiz markasız 23 növdə “Cavallo”, “Platinium”, “Milano” markalı tütün məmulatları aşkarlanıb. Aşkar edilmiş ümumilikdə 1.762.600 ədəd tütün məmulatı protokol əsasında götürülüb.

Qeyd edilib ki, həyata keçirilən operativ nəzarət tədbiri zamanı həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malların saxlanıldığı və satışının həyata keçirildiyi müəyyənləşdirilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Abbasov Səbahi Cəfərqulu oğluna məxsus olduğu aydınlaşdırılıb. Səbahi Abbasovun vergi orqanında uçotuna durmadan qanunsuz sahibkarlıqla məşğul olduğu da müəyyən edilib.

Hazırda faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.