30 aprel 2024 16:04
278

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) may ayı üçün reytinq cədvəli açıqlanıb.

“İki sahil” qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734 xal) bir pillə geriləyərək 18-ci sırada qərarlaşıb.

Əvəzində bir pillə irəliləyən digər qrossmeysterimiz Teymur Rəcəbov (2723) 27-ci yerə yüksəlib.

Rauf Məmmədov 2651 xalla 87-ci sıraya geriləyib. Nicat Abasov isə yenə ilk “100-lük”dən kənarda qalıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə 2436 xalla 35-ci, Gövhər Beydullayeva 2412 xalla 45-ci, Xanım Balacayeva 2376 xalla 74-cü, Gülnar Məmmədova 2360 xalla 90-cı pillədə yer alıb. Ötən gün Avropa çempionu olan Ülviyyə Fətəliyeva (2378 xal) isə bir pillə irəliləyərək 72-ci sıraya qalxıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında reytinq cədvəlinə 2830 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Qadınlarda isə çinli Yifan Hou 2633 xalla birinci pillədə qərarlaşıb.