30 aprel 2024 23:12
2525

Tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası dayanır

Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət Heydər Əliyev olub. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümummilli Lider Heydər Əliyevin SSRİ və müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Keçmiş SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya idi. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji amil oldu. Qısa müddətdə Azərbaycan keçmiş İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər əldə etdi. Həmçinin milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü.

1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə İttifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bundan başqa, "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı. Siyasi-ideoloji müstəvidə görülən bütün işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey mühüm faktor oldu. Yeri gəlmişkən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin bir qismi həmin liseyin yetirmələri idi. Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərkən Onun fəaliyyətinin Naxçıvan dövrünə də nəzər salmaq lazımdır. 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin Sədri seçilməsindən sonra muxtar respublikada sabitlik təmin edildi, sosial və iqtisadi durum yaxşılaşdı, onun düşmənin işğalı altına düşməsinin qarşısı alındı. Bundan başqa, milli dövlətçilik ənənələrinin bərpası istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldü. Muxtar respublikada dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti davam etdirildi. 17 noyabr 1990-cı ildə Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu Naxçıvan MR ərazisindən çıxarıldı. "1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" və 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qərarlar qəbul edildi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər partiyanın Sədri seçildi. YAP-ın yaranması, Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən irəli gələn tarixi zərurət idi. Yeni Azərbaycan Partiyasının yaradılması və milli inkişafa xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verməsi Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindəndir. Yeni Azərbaycan Partiyası təşkilatlanaraq qısa zaman kəsiyində xalqın etimadını qazanmağa nail oldu. 1993-cü ildə xalqın dəstəyi sayəsində Ulu Öndərin siyasi hakimiyyətə gəlməsi ilə YAP hakim partiyaya çevrildi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslər aradan qaldırıldı. Təsadüfi deyil ki, Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilmişdir. Məhz Ümummilli Liderin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ən əsası, Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin sürətlənməsində mühüm rol oynadı. Beləliklə, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır. Digər tərəfdən, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşmasını da təmin etdi. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. "Əsrin müqaviləsi"ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor kimi çıxış etdi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Heydər Əliyevin ciddi səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Münaqişənin həll edilməsi üçün təşkil olunan Minsk qrupunda, həmçinin ATƏT-in Zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu Öndər dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və problemin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştiraka dəvət edildi. Heydər Əliyevin əsasını qoyduğu praqmatik, çoxvektorlu və rasional xarici siyasət kursu ölkəmizin dostlarının və tərəfdaşlarının sayını artırdı, Azərbaycan nüfuzlu dövlətə çevrildi. Bu bir reallıqdır ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan  yüksəlişə və dinamik inkişafa nail olub.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi yazılır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdıgı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində azad edildi, ərazi bütövlüyümüz, suverenliyimiz, konstitusiya quruluşumuz bərpa olundu. Cənab İlham Əliyev son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işgaldan azad edən Müzəffər Sərkərdə oldu. Bu, həm də Prezidentin ATA vəsiyyətini yerinə yetirməsi idi. Artıq Qarabağ və Şərqi Zəngəzur azaddır. Hazırda bu ərazilərə keçmiş qaçqın və məcburi köçkünləri Böyük Qayıdış Konsepsiyasına uyğun geri qayıdışları üçün zəruri işlər icra edilir. Məhz Ulu Öndər Heydər Əliyevin mükəmməl strategiyasının mahiyyəti də güclü, qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycan idi. 

10 may 2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli Lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti qarşısına məqsəd kimi qoyub. Eyni zamanda Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması Fondun əsas amalıdır. Bu mənada Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Ulu Öndər   Heydər Əliyevin zəngin irsini təbliğ edən, Onun miras qoyduğu ənənələri davam etdirən Fondun əsas fəaliyyət istiqamətlərindən biri də elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanaraq həyata keçirilməsidir.

Heydər Əliyev Fondu Azərbaycanın mədəniyyət tarixində iz buraxacaq digər layihələr həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar sahədə bir çox vacib məsələlərin təşəbbüskarlarıdır. 

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasında Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər  təqdirəlayiqdir. Eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə hər il Xocalı faciəsinin ildönümü artıq dünyanın müxtəlif ölkələrində, böyük şəhər və bölgələrində qeyd olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət!" kampaniyası çərçivəsində beynəlxalq informasiya və təşviqat kampaniyası faciənin dünyaya tanıdılmasına öz töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı ilə bağlı məsələlər daim diqqət mərkəzindədir. “Yeniləşən Azərbaycana yeni məktəb”, "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı", "Təhsilə dəstək", "Təhsil hamı üçün", "Assosiativ məktəblər" və digər layihələr uğurla icra olunub ki, bütün bunlar Fondun əsas prinsiplərindən biridir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələr də Fondun mənəvi konsepsiyasının mahiyyətindən yarananan amillərdən hesab olunur. Heydər Əliyev Fondu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa hər zaman böyük töhfə verib. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri Fondun həyata keçirdiyi möhtəşəm layihələrdəndir. Pakistanda bir neçə məktəbin tikintisi, talassemiya mərkəzinin yaradılması, su təchizatı sisteminin quraşdırılması, xeyriyyə tədbirlərinin keçirilməsi Heydər Əliyev Fondunun adı ilə bağlıdır.

Heydər Əliyev Fondu Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin, kilsələrin bərpası üzrə layihələri uğurla icra edir. Şuşa şəhərində, Ağdam məscidində və digər ərazilərdə dağıdılmış məscid və minarələrin bərpası, yenidən qurulması, tinkintisi həyata keçirilir. Qubadlıda, Suqovuşanda və digər ərazilərdə tikilən yeni məscidlər də Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Heydər Əliyev Fondu Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin, Atəşgahın və digər tarixi abidələrin, habelə mədəni irs nümunələrinin daxil edilməsi Azərbaycan milli mədəniyyətinin dünya miqyasında təbliği sahəsində görülən işlərdəndir. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması uğurlu fəaliyyətin bariz nümunəsidir. UNESCO-nun xətti ilə "Qarabağ xanəndələri" albomunun hazırlanması, mütəmadi olaraq Qəbələdə Beynəlxalq Musiqi Festivalı və Şuşada keçirilən mədəni-kütləvi tədbirlər Fondun fəal proqramına daxildir.

Abbas Əliyev,
YAP Abşeron rayon təşkilatının sədri