30 aprel 2024 23:45
296

Turizm sektorunda hansı yeniliklər gözlənilir?

Əsas hədəf 2026-cı ilədək Azərbaycana gələn əcnəbi vətəndaşların sayını ildə 4 milyon nəfərə, daxili turizmdə səfərlərin sayını isə ildə 6 milyon nəfərə çatdırmaqdır

Azərbaycan ilin bütün fəsillərində turizmin müxtəlif növləri üçün əlverişli şəraitə və müvafiq infrastruktura malikdir. Son vaxtlar isə ölkəmizdə turizmin bu sahəsinin gələcək inkişafı istiqamətində mühüm addımlar atılır. Maraqlıdır, bəs, görəsən bu il turizm sektorunda vəziyyət necə olacaq, hansı yeniliklər gözlənilir?

Mövzu ilə bağlı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “İki sahil”  qəzetinin suallarına cavab verir.

- Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə hansı  tədbirlər həyata keçirilir?

- Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə il ərzində Azərbaycan turizm sənayesi nümayəndələrinin xarici turizm sərgilərində iştirakı təmin edilir. Turizm sərgilərində Azərbaycanın turizm imkanları geniş ziyarətçi kütləsinə nümayiş olunur, həmçinin Azərbaycan turizm təmsilçiləri ilə xarici turizm sənayesi nümayəndələri arasında B2B (Biznesdən biznesə) formatlı görüşlər, təqdimat tədbirləri, seminarlar keçirilir. Həmçinin Azərbaycan Turizm Bürosu tərəfindən "Facebook", "Instagram" və "X" platformalarındakı "Experience Azerbaijan" səhifəsi vasitəsilə ölkəmizin turizm imkanlarını geniş auditoriyaya təqdim olunur. Bundan əlavə, qurum tərəfindən sosial şəbəkələrdə marketinq reklamları yerləşdirilir, eləcə də turizm platformaları ilə əməkdaşlıq çərçivəsində təbliğat tədbirləri həyata keçirilir.

- Ölkəmiz yay turizminə necə hazırlaşır? Bu yay daha çox hansı ölkələrdən turist gələcəyi gözlənilir?

-2024-cü ilin yanvar, fevral və mart aylarının 2023-cü ilin eyni ayları ilə müqayisəsi keçən ilin rəqəmlərini 39 faiz ötdüyümüzü deməyə əsas verir. Yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrü hesab edilir ki, bu da daha çox turistik səfər deməkdir. Bu baxımdan qarşıdakı mövsüm özündə ölkəmizdə turizmin bərpası istiqamətində mühüm imkanları ehtiva edir. Bununla belə gəlmə statistikasında daha ciddi fərqlə nəticələrə nail olmaq üçün ənənəvi və yeni bazarlarda təbliğat işini gücləndirmək, Azərbaycana birbaşa uçuşların sayının artırılması, ümumən ölkənin daha əlçatan olması kimi amillərin önəmi qeyd olunmalıdır. Geniş planda əsas hədəf 2026-cı ilədək Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayını ildə 4 milyon nəfərə, daxili turizmdə səfərlərin sayını isə ildə 6 milyon nəfərə çatdırmaqdır.

- İstirahət fəslində hər kəs dincəlmək istəyir. Qarşıdan gələn fəsildə süni qiymət artımının qarşısını almaq üçün hansı tədbirlərin görülməsi planlaşdırılır?

- Ümumiyyətlə, turizm sahəsində qiymətlərin dövlət tənzimlənməsi, yəni qiymətlərin formalaşması və tətbiqi prosesinə qanunvericilik, inzibati və maliyyə-büdcə tədbirləri vasitəsilə təsir etmək mexanizmi mövcud deyil. Belə bir mexanizmin mövcudluğu turizm üzrə sahibkarlıq mühitində qeyri-sağlam rəqabətə və ya rəqabətin məhdudlaşdırılmasına yol aça bilər. Əlbəttə, dövlət orqanı olaraq tövsiyəmiz qiymətlərin daha münasib və əlçatan, bütün vətəndaşların büdcələrinə uyğun olmasıdır. Həmçinin önəmli məqamlardan biri də infrastrukturla təklif edilən xidmətlərin üst-üstə düşməsidir. Aydındır ki, xidmət səviyyəsinin keyfiyyəti hotellərin ulduz dərəcələri ilə birbaşa əlaqəlidir. Təəssüf ki, bir sıra hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlər üst-üstə düşmür, bəzi hallarda ulduzlaşma ümumiyyətlə, aparılmayıb. Bunları nəzərə alaraq beynəlxalq standartlar və meyarlar əsas götürülərək, yerli şərait nəzərə alınaraq milli ulduz sistemi yaradılıb. Bu yaxınlarda “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” da təsdiq olunub. Hazırda Azərbaycan Hotel Assosisiyası tərəfindən hotellərə ulduz verilməsi prosesi davam edir. Bu, istehlakçıların real və etibarlı ulduz dərəcələrinə malik hotelləri seçərək ödədikləri məbləğə müvafiq xidmət almaqlarını təmin edəcək. Qeyd etmək lazımdır ki, bazarda hər seqmentə uyğun qiymətlər və təkliflər formalaşıb. İnsanların asudə vaxtlarını səmərəli keçirtməsi üçün bu təkliflərin həcminin artırılması istiqamətində tədbirlər görülür. Həmçinin onu da qeyd etmək lazımdır ki, hotel olmayan yerləşmə vasitələri, kənd evləri son dövrlərdə alternativ variant kimi çıxış edir.

- Azad edilmiş ərazilərin turizm potensialını gücləndirmək üçün hansı zəruri tədbirlərin görülməsi planlaşdırılır?

- Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var və bu potensial  imkan verir ki, biz bu əraziləri Azərbaycanın əsas turizm zonalarından birinə çevirək. Azad edilmiş torpaqlarda turizm əsas iqtisadi fəaliyyət sahələrindən biri kimi müəyyənləşdirilib. Bunun üçün ortamüddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq dövlət əsas strateji baxış olaraq müəyyən edilmişdir. Əsas hədəflər işğaldan azad edilmiş ərazilərin turizm sektorunda formalaşan ÜDM-də payını artırmaq, habelə, bölgənin təhlükəsiz turizm destinasiyası imicini formalaşdırmaqdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın XII məqsədi üzrə “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” müəyyən edilmişdir.Bununla yanaşı, proqramın hədəf göstəricilərində turizm sektorunun inkişafı əsas infrastruktur layihələrinə əlavə edilmişdir. Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında Dövlət Turizm Agentliyinin “İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Fəaliyyət Planı”  təsdiq edilmişdir.İnstitusional inkişaf çərçivəsində cənab Prezidentin Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi haqqında Fərmanına əsasən Dövlət Turizm Agentliyinin işğaldan azad edilmiş ərazilər üzrə “Qarabağ Regional Turizm İdarəsi”nin yaradılmasını qeyd edə bilərik. Cənab Prezidentin  2023-cü ilin mayın 5-də Xocavəndə səfəri zamanı Tuğ və Hadrutda turizm məqsədli planlaşdırılan layihələr, yaradılacaq infrastruktur haqqında məlumat verilib. Cənab Prezidentin Sərəncamı ilə iyun ayında “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması və Dövlət Turizm Agentliyinin tabeliyinə verilməsi bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir. Bütövlükdə, Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin turizm imkanları qiymətləndirilir və turizm potensialına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Bunlardan bəziləri ilə tanış ola bilərsiniz:

https://tourism.gov.az/az/news/ilham-eliyev-terter-rayonun-suqovushan-qesebesinde-istirahet-parkinin-achilishinda-ishtirak-edib

https://tourism.gov.az/az/news/ilham-eliyev-ve-birinci-xanim-mehriban-eliyeva-xocavend-rayonuna-sefer-edibler

- Qarabağda nə zamandan turistlərin hərəkətinə icazə veriləcək?

- 2023-cü ilin martın 18-dən Şuşaya gecələməklə avtobusla turlar başlamışdır.

https://tourism.gov.az/az/news/shushaya-ilk-turist-seferleri-bashlayir

2023-cü ilin 23 dekabr tarixindən etibarən “Yolumuz Qarabağa” portalı vasitəsilə artıq Şuşa və Suqovuşana fərdi minik avtomobili ilə də getmək mümkündür. Avtobusla olan turlarda isə Azərbaycan vətəndaşları ilə yanaşı, xarici vətəndaşların da iştirakına şərait yaradılıb və turlarda iştirak üçün yerli və xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər. Suqovuşan istiqamətinə qrup səfərləri Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri tərəfindən təşkil edilir.

https://tourism.gov.az/az/news/dovlet-turizm-agentliyinin-ve-reqemsal-inkishaf-ve-neqliyyat-nazirliyinin-birge-melumati

27 aprel 2024-cü il tarixindən isə vətəndaşlar Laçına fərdi minik avtomobili ilə səfər edə bilərlər.

https://tourism.gov.az/news/dovlet-turizm-agentliyinin-ve-reqemsal-inkishaf-ve-neqliyyat-nazirliyinin-birge-melumati-2

Yaqut Ağaşahqızı, “İki sahil”