02 may 2024 18:35
315

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan dünyaya sülh çağırışları edildi - AÇIQLAMA

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşadığı və təmasda olduğu bir ölkədir. Əsrlər boyu Azərbaycan dini dözümlülük nümayiş etdirib və müxtəlif millətlərin doğma məkanına çevrilib. Tariximiz və coğrafiyamız onu nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda bu sahədə uğurlara nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı, eyni zamanda, mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Bu gün də Azərbaycanın tarixi irsi dünyaya mədəniyyətlərarası dialoqun nümunəsini təqdim edir. bu gün dünyada sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşma və mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişafı məsələləri olduqca aktuallaşıb.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirdi.

M.Qasimli  qeyd etdi ki, son illərdə Azərbaycanda  mədəniyyətlərarası və sivilizasiyalararası  məsələlərə həsr olunmuş çoxsaylı beynəlxalq konfranslar keçirilir. Elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən bu konfranslarda  daha təhlükəsiz, daha ədalətli dünya üçün   təkliflər hazırlanıb təbliğ edilir. Qeyd etmək istərdim ki, belə konfransların respublikamızda keçirilməsi bir tərəfdən beynəlxalq aləmdə dövlətimizin siyasi nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhfə verən bir ölkə olduğunu dünyaya tanıdır. Prezident İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bir daha qeyd etdi ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün vasitəçi olmaq istəyənlərin bölgədən uzaq durması vacibdir.

Deputat diqqətə çatdırdı ki,  dövlətimizin  başçısı konfrans iştirakçılarına Azərbaycanın müharibə yolu ilə sülhə nail olmağa məcbur olduğunu da xatırlatdı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsi işləmədi. Çünki implementasiya mexanizmi yox idi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik.

Azərbaycan  öz ərazisində separatizmi məhv edən ilk ölkədir, ləyaqətlə mübarizə apardı, erməni işğalına son qoydu, ədaləti bərpa etdi. Cənubi Qafqazda yeni reallıq yaradan Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunması üçün  bütün imkanlardan istifadə edir.  Məhz rəsmi Bakı  Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır.

Şəmsiyyə Əliqızı, “İki sahil”