03 may 2024 12:08
288

Komitə sədri: İnsanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər

Ailə dəyərlərimizin təbliğində, qadın və uşaq hüquqlarının müdafiəsində medianın üzərinə böyük iş düşür. Lakin bəzən bu və ya digər problemin işıqlandırılması zamanı səhvlərə yol verilir. Uşaqların üzü göstərilir, ev ünvanları, əsl ad və soyadlar, oxuduqları məktəb, iş yerləri dəqiqliklə göstərilir.

“İki sahil” xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mayın 3-də keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda forumda çıxışı zamanı deyib.

“Elə bu günlərdə baş vermiş bir cinayət hadisəsi ilə bağlı jurnalist orada olan uşaqlardan müsahibə götürür. Uşaqlar da bütün detalları ilə hadisəni danışırdılar. Bu, nə qədər düzgündür? Bəzən jurnalistlər bilməyərəkdən cəmiyyətin qadın və kişi stereotipləri haqqında görüşlərini bölüşür. Çox təəssüflər olsun ki, bəzən sensasiya, reytinq üçün xəbərlər paylaşırlar.

Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda, xəbər və ya məqalələrdə yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır”, - deyə Milli Məclisin deputatı qeyd edib.

H.Hüseynova qeyd edib ki, ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır:

"Bu da qarşısıalınmaz bir prosesdir. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad - valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyasına səbəb olur".