Ukrayna Dövlət Sərhəd Xidməti (UDSX) tərəfindən Stradivarinin nadir skripkasının Ukraynadan qanunsuz olaraq çıxarılması cəhdinin qarşısı alınıb.
“İki sahil” Ukrayna mediasına istinadla xəbər verir ki, UDSX-nin məlumatında qeyd edilir: “Sərhədçilər gömrük işçiləri ilə birlikdə “Antonius Stradivarius” skripkasının ölkədən çıxarılması cəhdinin qarşısını alıblar”.
1713-cü ildə düzəldilən Stradivari skripkası yük yerinin yoxlanması zamanı aşkar edilib. Maşın Ukraynadan Polşa istiqamətində hərəkət edirmiş.
Musiqi aləti müsadirə edilib və ekspertizaya verilib.
Qeyd edək ki, XVII əsrin ikinci yarısı - XVIII əsrin birinci yarısında Kremonda yaşayan usta Antonio Stradivarinin düzəltdiyi skripkalar ən yaxşı alətlər hesab edilir.