06 may 2024 22:18
359

Yada düşər xatirələr... - FOTOLAR

Bir vaxtlar ağlaya-ağlaya dərin kədər içındə çıxdığımız Cəbrayıla indi sevinclə, şadlıqla, musiqi ilə gedirik

Ötən gün Cəbrayıl Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədri, ehtiyatda olan polkovnik Vaqif Məhərrəmovun təşəbbüsü və təşkilatçılığı ilə bir qrup Cəbrayıl ağsaqqalı doğma yurd yerinə səfər etdik. Məqsəd rayonda gedən geniş abadlıq və quruculuq işləri ilə tanış olmaq, hansı işlərin görülməsi və gələcəkdə də görüləcək işlər barədə bilgilər almaq idi. Bəri başdan qeyd edək ki, təkcə şəhər mərkəzi ilə deyil, tikinti-quruculuq işləri görülən kəndlərimizlə də maraqlanacaqdıq. 23 nəfərdən ibarət bir heyət avtobusa minib yola düşdük. Deyək ki, elə avtobusun sürücüsü əslən Cəbrayılın Çullu kəndindən olan Elçin Rasimoğlu yolu yaxşı tanıyırdı. Vaqif müəllimin və digər ağsaqqalların (bunlar Cəbrayıl Rayon Ağsaqqallar Şurasının fəxri sədri Səyavuş Əsgərov, Şura sədrinin müavinləri Əyyub Quliyev, Hüseyn Əhmədov, Ələddin Məmmədov, Şuranın üzvləri Əsəd Əsədov, Nəriman müəllim, Sahib Süleymanov, İba Həsənov, Musa Quliyev, Atəş Verdiyev və digərləri) istəyi ilə səfərimiz musiqi sədaları altında davam edirdi. Cəbrayıl musiqi məktəbinin sabiq müəllimi Fəxrəddin Abbasovun qarmonda ifa etdiyi ürəkaçan musiqilər hamıda xoş əhval-ruhiyyə yaratsa da Fəxrəddin müəllimin dediyi “Bir vaxtlar ağlaya-ağlaya dərin kədər içındə çıxdığımız Cəbrayıla indi sevinclə, şadlıqla, musiqi ilə gedirik” sözləri də hamını təsirləndirmişdi.

Qeyd edək ki, Vaqif müəllimin dəvəti ilə “İki sahil” qəzetinin baş redaktorunun birinci müavini İsmayıl Hacıyev və “Xudafərin” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev də dəstənin tərkibində idilər.

Belə məsləhət oldu ki, ilk öncə yolumuzu tikinti-quruculuq işləri başlayan Şükürbəyli və Soltanlı kəndlərindən salaq. Hələ Cocuq Mərcanlı kəndindən yola çıxarkən dəmir yolu xəttinin sağ tərəfi boyunca Böyük Mərcanlı, Maralyan, Karxulu kəndlərinin xarabalıqlarını görərkən ürəklərimizə sanki dağ çəkilirdi. Avtobusda elə adamlar vardı onlar birinci dəfə idi Cəbrayıla gəlirdilər və keçirdikləri hissləri yazmaq çox çətin idi. Bir var şəkildə, televizorda görəsən, bir də var ki, canlı şəkildə törədilən bu faciələri, vəhşilikləri öz gözlərinlə görəsən, yaşayasan. Çox dəhşətli mənzərələr idi. Yeri gəlmişkən qeyd edək ki, ayrı-ayrı kəndlərdən keçdikcə kəndlərin adları yazılan lövhələr var idi. Amma bu dəfə onu görmədik, bəlkə də ola bilər ki görə bilmədik. Ötən dəfə Maralyan kəndi ərazisindən keçərkən bu kəndin adı “Marallı” yazılmışdı. Ancaq bu, tamamilə yanlış yanaşmadır. Bəzi adamlar bunu erməni soyadı kimi başa düşüb və kəndin adını belə yazıblar. Ancaq maralyanlılar bildiyimizə görə, Təbrizin “Maralan” adlı məhəlləsi var, lap qədim dövrlərdən oradan köçmədirlər. Bu yanlışı düzəltmək lazımdır...

Qayıdaq əsas məsələyə. Şükürbəylidə yeni çəkilmiş asfalt yolun hər iki tərəfində evlər tikilirdi. Bu asfalt yol Qarabağ azad olunandan sonra bərpa edilmiş Horadiz-Cəbrayıl-Zəngilan yolu idi. Burada bir və ikimərtəbəli fərdi evlər tikilir və dediklərinə görə, sentyabra qədər 20-30 faiz evlər təhvil veriləcəkdir.

Soltanlının qərb hissəsində isə böyük bir canlanma var. Bura İqtisadiyyat Nazirliyinin xətti ilə “Araz vadisi” iqtisadi rayonu kimi fəaliyyətə başlayıb. Bu barədə bizə İqtisadiyyat Nazirliyinin əməkdaşı, dostumuz Malik Hacıyev məlumat verdi. Malik müəllim dedi ki, “Araz vadisi” iqtisadi zonası 200 hektardan çox böyük bir ərazini əhatə edəcəkdir. Bu respublikamızda Sumqayıt iqtisadi zonasından sonra ikinci böyük iqtisadi zonadır. Burada böyük avtomobil zavodları (səhv etmirəmsə, “KamAZ” zavodu) müxtəlif digər iki zavod və fabriklər yaradılacaqdır. “Araz vadisi” iqtisadı zonası strateji cəhətdən elə məkanda yerləşir ki, onun bir tərəfi Laçın-Zəngəzur-Kəlbəcər-Zəngilan, o tərəfi İmişli-Biləsuvar-Cənub zonası üçün geniş fəaliyyət-istehsal poliqonuna çevriləcək. Burada bir neçə xarici şirkətlər investisiya qoyaraq fəaliyyətə başlayıblar. Bütün bunlara rəğmən çoxlu iş yerləri açılacaq,yüzlərlə soydaşımız bu müəssisələrdə çalışacaq. Bir adam işsiz qalmayacaq. Soltanlıdan qayıdarkən Ağsaqqallar Şurası sədrinin birinci müavini Əyyub Quliyevin təklifi ilə onun doğma kəndinə, nankor ermənilər tərəfindən dağıdılmış Əmirvarlı kəndində də olduq. Bir kilometrə qədər maşın yolu ilə kəndin içərisinə gəldik. Birdən qarşımızda maraqlı bir mənzərə açıldı. Gözəl binalar, yaraşıqlı istirahət köşkləri, restoran, mənalı istirahət üçün hər şey. Əyyub müəllim zarafatla: “Hə, gəldik erməni kəndinə”. Burada əyləşib çay içdik. Həm də hərə səfər üçün götürdüyü yeməkləri yeyəndən sonra Əyyub müəllim danışmağa başladı: Əmirvarlıda 70 il məktəb olmayıb. Bu kənddə doğulmuş akademik Əşrəf Hüseynov 1982-ci ildə burada gözəl bir məktəb tədris kompleksi tikdirdi. Və məktəbə də onun adı verildi. Bax indi oturduğumuz bu ərazi məktəbin yeridir. Mənfur qonşularımız məktəbi dağıdıb yerlə-yeksan edəndən sonra yerində bu istirahət mərkəzini tikiblər. Gözəl binalar, restoran və s. istirahət üçün lazım olan hər şey. 2020-ci il oktyabr ayının 4-də Cəbrayıl düşməndən azad olundu. Bir sıra kəndlər də alındı. Ancaq oktyabrın 19-na qədər bizim kəndi ala bilmədilər. Çünki burada onlar müdafiə qurğuları yaratmişdılar. Oktyabrın 19-da onlar qovuldular, lakin imkan tapıb buranı dağıda bilmədilər. Beləliklə, bu istirahət guşəsi fəaliyyət göstərir. Mən də zarafafla bura erməni kəndi deyirəm.”

Əmirvarlıdan sonra yolumuz Horovlu kəndinədir. Burada da böyük layihələr həyata keçirilir. Bir neçə kilometr ərazini əhatə edən layihəni “UPSILON” şirkəti həyata keçirir. Birinci mərhələdə sentyabra qədər 350 fərdi ev istifadəyə veriləcək. Orada məlumat verdilər ki, Horovluda 3 kəhriz bərpa edilərək istifadəyə verilib. Eyni zamanda bu layihədə ətraf ərazilərdə olan bir neçə kənd birləşəcəkdir.

Nəhayət yolumuz doğma Cəbrayıl şəhərimizədir. Mahmudlu kəndindən başlayan 2 tərəfli, hər biri üç zolaqdan ibarət geniş asfalt yolla 10 dəqiqəyə Cəbrayıla çatırıq. Birbaşa tikinti meydançasına daxil oluruq. Tikinti ilə üzbəüz dayananda solunda Qurbantəpə görünür, sağda isə “Qartal” pavilyonunun yeri. Bundan bilirik ki, hə, Cəbrayıldayıq. Ərazidə ilk istifadəyə veriləcək 33 bina tikilir və təmir olunur. Bir çox adamlar bu ərazinin hansı tərəf olduğunu bilmək istəyir. Bu ərazi aşağıdan internat məktəbin üst tərəfindən (keçmiş uşaq bağçası) başlamış S.Vurğun küçəsinə qədər olan ərazini əhatə edir. Bizimlə söhbət edən MİDA-nın (Mənzil İnşaatı Dövlət Agentliyi) nümayəndəsi Mehrac Məmmədovun dediyinə görə, sentyabra qədər 712 mənzil istifadəyə veriləcək. Həmin vaxta qədər tikilməkdə olan tam orta məktəb də hazır olacaq. Məktəb əvvəlki M.Mehdizadə adına məktəbin ərazisinə yaxın yerdədir. Polis idarəsinin üst tərəfində isə 110 yerlik xəstəxana binası tikilir.

Yeni tikilən məhəllə ilə üzbəüz, keçmiş 20 Yanvar Şəhidlər xiyabanı olan ərazidə isə Memorial kompleksin təməli qoyulub.

Mehrac müəllimin dediyinə görə, 33 bina istifadəyə veriləndən sonra şəhərin ayrı-ayrı ərazilərində inzibati binalar, bir və ikimərtəbəli fərdi yaşayış evləri və digər infrastruktur tikililər inşa ediləcəkdir.

İşiniz avand olsun, əziz dostlar!

Tezliklə doğma Cəbrayılda görüşənə qədər!

Tariyel Abbaslı,
filologiya üzrə fəlsəfə doktoru