21 may 2024 00:27
281

Texnoloji dəyişikliklərə uyğunlaşma prosesi necə gedir?

Hazırda Azərbaycan dövlətinin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı məsələsi mühüm yer tutur. Cəmi bir neçə ildə bu sahə üzrə həm milli qanunvericilik, həm də praktiki fəaliyyət xeyli gücləndirilib və ciddi nəticələr əldə edilib. İKT cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə dinamik templə sosial və iqtisadi həyatın bütün sahələrində tətbiq olunur, onun əhatə dairəsi hökumət və qeyri-hökümət təşkilatlarını, özəl qurumları, iqtisadi-sosial, elm və mədəniyyət, ictimai-siyasi, təhlil və digər sahələri əhatə edir. Respublikamızda neft sahəsinə alternativ İKT sektorunun yaradılması və inkişafı dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən birinə çevrilib.

Bütün dünyada süni intellekt və digər yeni texnologiyalar artıq cəmiyyətə dərin təsir göstərməklə müəssisələrin məhsuldarlığını artırmağa imkan verir və hökumətlərin daha ciddi problemlərdən bəzilərini həll etməsinə kömək edir. Süni intellekt texnologiyaları və maşın təliminin sürətli inkişaf şəraitində sənayenin əsas sahələrində dəyişikliklər sadəcə heyrətamizdir və gələcəyi proqnozlaşdırmaq getdikcə son dərəcə çətinləşir. Azərbaycanda texnoloji inkişaf və dəyişikliklərə uyğunlaşma sürəti möhtəşəmdir.

Bu gün Yer kürəsi əhalisinin 95 faizi (yaxud 5,6 milyard nəfər) mobil şəbəkə ilə əhatə olunub. Bakıda cəmi 30 il bundan əvvəl ilk internet bağlantısı quraşdırılıb. Həmin vaxtdan etibarən ölkə texnologiya, innovasiya və sahibkarlıq sahəsində regional liderə çevrilib. Azərbaycan regionu sadəcə xəritədə bir bölgə deyil, inkişaf və innovasiyaların mərkəzidir.

“Aztelekom” ilin sonunadək Azərbaycan vətəndaşlarını minimum 35 meqabit/saniyə sürətlə təmin etməyi planlaşdırır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səyləri sayəsində ilin sonunadək bütün ölkə yüksək sürətli internetlə əhatə olunacaq. Nazirlik tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin ilk üç ayı ərzində Azərbaycanda 251 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə isə 2,16 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74%-ni təşkil edir.

Layihəyə əsasən, cari ilin ilk üç ayı ərzində Bakı şəhərinin 79 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə paytaxtda indiyədək 0,95 milyona yaxın təsərrüfat üçün GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb. Bu, Bakı şəhərində mövcud ev təsərrüfatı və biznes subyektlərinin 86,5%-ni təşkil edir. Layihə çərçivəsində ölkədə dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə genişzolaqlı şəbəkə qurulacaq.

Hazırda şəhər və kəndlərin GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə təmin edilməsi istiqamətində işlər sürətlə davam etdirilir. Bu texnologiya üzərindən vətəndaşlar istər təkcə telefoniya xidmətinə qoşula, istərsə də “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər. Ödənişlər abunəçilərin qoşulduğu xidmətlərə uyğun hesablanır. Sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

Azərbaycanda İKT sektoru gəlir baxımından ən sürətlə artan qeyri-neft sektorudur. “IT Hub Azerbaijan” məlum problemlərdən birini – bacarıqların artırılması problemini həll etməyə kömək edir. Layihə inklüziv regional iqtisadi inkişafa, texniki tərəqqiyə və qlobal rəqabət qabiliyyətinə töhfə vermək iqtidarındadır. O, həmçinin innovasiyaları təşviq edir, iş yerləri açır və Azərbaycanın rəqəmsal iqtisadiyyatın dinamik aktoru olaraq mövqeyini müəyyənləşdirir. Layihə təkcə Azərbaycanın İT sektorunu dəstəkləmir və ölkədə innovasiyaları təşviq edir. Lakin həm də kənd yerlərinin, ölkənin bölgələrinin inkişafına imkan yaradaraq bölgələr və şəhərlər arasında rəqəmsal qeyri-bərabərliyi azaldır. Azərbaycanda İKT sektoru gəlir baxımından ən sürətlə artan qeyri-neft sektorudur, istehlakçıların sayı isə sürətlə artır.

Cavid Əkbər, “İki sahil”