24 may 2024 01:16
385

Vəfat edən şəxslərin vərəsələri hansı halda borcu qaytarmaya bilərlər?

Kommersiya banklarından kredit götürən şəxslər vəfat etdikdə onların borclarının qaytarılması vərəsələrinin üzərinə düşür. Çünki belə hallarda kreditin qaytarılması qaçılmazdır. Belə halların sayı isə kifayət qədər çoxdur. Başqa sözlə, dünyasını dəyişən şəxsin kredit öhdəliklərinin vərəsəsinə transfer olunması əksər hallarda ailələr üçün çətinliklər yaradır.

Hazırda banklar tərəfindən vətəndaşlara 7 milyard manatdan artıq istehlak kreditləri verilib. Bu, 3 milyondan artıq vətəndaşımızın borclanması deməkdir. Göründüyü kimi, həm kreditin ümumi məbləği, həm də borclananların sayı kifayət qədər çoxdur. Bəs, kredit götürdükdən sonra dünyasını dəyişən şəxslərin vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Statistikaya əsasən, istehlak krediti götürənlərin 95 faizinin sığortası yoxdur. Sığortadan istifadə olunmadığından kredit götürən şəxs dünyasını dəyişən zaman vərəsəsi, yəni onun ailəsi borcu qaytarmaq məcburiyyətində qalır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sığortadan istifadə bu riski aradan qaldırır. Nəticədə əgər kredti götürən şəxs həyat sığotasından istifadə edərsə, bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma həmin vətəndaşın ailəsi üçün hər hansı potensial çətinlik yaratmır. Bu baxımdan kreditlər verilən zaman sığortadan istifadə olunması əhəmiyyətlidir. Beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanda da kreditləşmə zamanı sığortadan istifadəni vacib hesab olunur. Sığortadan istifadənin əlavə ödəniş olmasına baxmayaraq bu, borclanan üçün xərcin artmasına səbəb olmayacaq. Çünki kredit faizlərinə təsir göstərən faktorlardan biri də risk amilidir. Risk sığortalanan zaman banklar daha optimal faizlə kredit təklif edə bilirlər. Yəni, sığortadan istifadə istehlak kreditləri üzrə faizlərin də azalmasına gətirib çıxara bilər.

Digər tərəfdən, sığorta haqqı da yüksək olmadığından differensial olaraq ödəniş paylaşdırıla bilir. Bu, o deməkdir ki, kredit faizlərini artırmamaqla sığortalanmanı həyata keçirilməsi mümkündür. Buna görə də risklərin kompensasiya olunması nəticəsində kredit faizlərinin aşağı düşməsi sığortadan istifadəyə rəğmən kredit götürən şəxslər üçün də əlavə xərc yaratmayacaq. Çünki azalan kredit faizləri sığorta ödənişini kompensasiya edəcək. Nəticədə kredit götürən şəxs dünyasını dəyişərsə, o halda onun borcunu vərəsə, yəni ailə üzvü qaytarmayacaq. Sığorta şirkəti borcu tam olaraq banka ödəyəcək.

Ölkə iqtisadiyyatında sığorta sahəsində həyata keçirilən müasir islahatların əsas məqsəd və vəzifələri hər şeydən əvvəl milli sığorta bazarının möhkəmlənməsi və onun qloballaşan dünya sığorta sisteminin layiqli üzvünə çevrilməsindən ibarətdir. Sığorta sistemi bazar iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən biridir. Özünün obyektiv qanunları olan bazarın mövcud olduğu yerdə mütləq risk vardır. Risk olan yerdə isə sığorta olmalıdır. Bu baxımdan da sözügedən istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması çox əhəmiyyətlidir.

Cavid Əkbər, “İki sahil”