27 may 2024 15:24
203

“Xocalı” gəmisi istismara verilib - FOTO/VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına “Handysize” ölçü tipli ilk gəmi qəbul edilib.

"İki sahil" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bununla da, ASCO quru yüklərin daşınmasında yeni seqmentə daxil olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, gəmiyə tarixi torpağımız Xocalının adı verilib.

Çində Dövlət Himnimizin sədaları altında gəmidə Azərbaycanın üçrəngli Dövlət Bayrağı qaldırılıb və “Xocalı” istismara qəbul olunub.

“Xocalı” gəmisi Prezident İham Əliyevin tapşırıq və tövsiyələri rəhbər tutularaq hazırlanan və ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində alınıb. Sözügedən proqramda milli gəmiçiliyin Xəzərdənkənar fəaliyyət coğrafiyasının genişləndirilməsi, beynəlxalq hövzələrdə yükdaşıma potensialının daha da artırılması, eləcə də xarici sularda yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınması ilə bağlı investisiya fəaliyyətinin maliyyələşdirilməsi məsələləri xüsusi yer tutur.

Bu istiqamətdə icra olunan işlərin davamı kimi, ASCO “Handysize” ölçü tipli quru yük gəmisinin alınması layihəsinin maliyyələşdirilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edib. Bank, ASCO-da beynəlxalq prinsiplərə uyğun qurulmuş korporativ idarəetmə və hesabatlılıq sistemlərinin mövcudluğunu, əməliyyatlarda şəffaflığın və sağlam maliyyə vəziyyətinin təmin edilməsini nəzərə alaraq, dövlət zəmanəti olmadan sözügedən layihənin maliyyələşməsi barədə qərar verib. Bununla da, gəminin alınması üzrə maliyyələşmənin 70%-i Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit vəsaiti, 30%-i isə ASCO-nun daxili imkanları hesabına həyata keçirilib.

“Xocalı” gəmisi 38593 ton yükgötürə imkanına malikdir. Bu da ASCO-nun mövcud quru yük gəmilərinin yükgötürmə qabiliyyətindən təxminən 8 dəfə çoxdur. Gəminin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.

“Xocalı” gəmisinin yükləndikdən sonra ilk səfəri Cənubi Koreyanın “Bakpyung” limanından ABŞ-ın “Portland” limanınadır. Bununla da, “Xocalı” müstəqil Azərbaycan Bayrağı altında Amerika sularında üzəcək ilk gəmi olacaq.