04 iyun 2024 23:58
675

Ölümsüzlüyə qovuşan qəhrəman

Vətən, torpaq məhəbbəti ilə boy atan Vüsal Kazımov 44 günlük haqq savaşımızda baş leytenant rütbəsində canını ona fəda etməklə bu, ilahi sevgiyə əbədiyyət gətirib.  Vətən səmasının günəşinə dönüb ölümsüzlüyə qovuşan qəhrəman milyonların könlünə köç edib.  

İndi  hər dəfə Vüsalın adı çəkiləndə  dünyaya göz açdığı Lənkəran rayonu, Yuxarı Nüvədi kəndidə kiçik də, böyükdə hədsiz  qürur hissi keçirir.  Bir də Vüsal elə bir tarix yazıb ki, təkcə Lənkəran eli deyil, bütün Azərbaycan  onun şərəfli ömür yolunu  örnək  sayır.

Bəli, Vüsalın xatirəsini əziz tutmağı hər bir kəs özünə müqəddəs borc bilir. İndi bu, Vətən sevdalısının adını özündə yaşadan yadigarlar çoxdur. Dövlət tərəfindən  şəhadətindən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeninə, "Vətən uğrunda" , "İgidliyə görə", Xocavəndin, Füzulinin azadlığı uğrunda  medallarına layiq görülüb. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömrayın ssenarisi əsasında  "Vüsal hicrandan acıymış" adlı sənədli film çəkilib. Filmdə şəhid baş leytenant Vüsal Kazımovla bağlı doğmalarının, dostların, tələbə yoldaşlarının, cəbhədəki silahdaşlarının  xatirəsi yer alıb. Bu günlər Astara Pedaqoji Kollecində “Vüsal hicrandan  acıymış” adlı sənədli filmin təqdimat mərasimi baş tutub. Tədbir Vətən naminə canını fəda edən, xalqı üçün şərəfli bir tarix qoyub gedən şəhidlərin əziz xatirəsini bir dəqiqlik sükutla anılmaqla, dövlət himnin oxunması ilə  başlanıb. Ardınca  dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğıdan, onlarla  görüşündən bəhs edən video çarxın nümayişi tədbir iştirakçılar tərəfində maraqla qarşılanıb.  

Tədbirdə çıxış edən şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı,  kollecin  “Maliyyə-informasiya” şöbəsinin müdiri Nuranə Fərəcova deyib:- Qanı bahasına torpağı Vətən edən Vüsal Kazımov cismən aramızdan gedib. O, xalqı üçün  iftixar mənbəyi, qürur yeridir. Vüsal  bir də bizlərə Vətəni necə sevməyi, doğma torpağa əsl sahib çıxmağı öyrətdi.  Canından artıq sevdiyi  Azərbaycan naminə şəhid  olan Vüsal  millətin kimliyini, mənliyini  dünyaya tanıtdırdı.  O, hər cür sevgiyə, məhəbbətə layiqdir.  Qərinələr keçsə də Vüsalın müqəddəs xatirəsi xalq tərəfindən heç zaman unudulmaz,  zaman-zaman böyük ehtiramla anılacaq və şərəfli  ömür yolu  gələcək nəsillərə həyat məktəbi olacaq.  

Astara Şəhər 1 saylı məktəbin direktoru Xədicə Əliyeva  çıxışında bildirib ki,  şəhid leytenant Vüsal Kazımovun ömür yolu qısa olsa da,  İkinci Qarabağ müharibəsində  yazdığı qəhrəmanlıq dastanı ilə  özündə  bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşadır. Çətin gündə  sinəsini  Vətənə sipər edib  erməni dığaların kabusuna çevrilən   Vüsal 

Füzuli əməliyyatında, Cəbrayıl, Xocavənd, Şuşa  uğrunda gedən şiddətli  döyüşlərdə  yüksək şəxsi rəşadət və  şücaət nümayiş edib.  O, müqəddəs bir yolda şəhidlik  zirvəsinə ucalıb. Bu şərəfə çatanların  ömrü isə  əbədi olur.  Fəqət, nə qədər ki, müstəqil Azərbaycan var, şəhid leytenant Vüsal Kazımova xalq ehtiramı və məhəbbəti heç vaxt əskilməyəcək.   

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovanın yazmiş olduğu “Mən ölə bilmədim məni bağışla” şeiri kollecin tyutoru Leyla Kərimlinin ifasında səslənib.

Sonda Şəhid Vüsal Kazımovun atası  Astara Pedaqoji Kollecinin direktoru ,professor Kamran Kazımov  söz alıb  Vüsal kimi bütün qəhrəman oğullarla qürur duyduğunu səmimi bir şəkildə dilə gətirib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü