11 iyun 2024 16:31
258

Azərbaycanla Misir arasında yeni mərhələnin başlanğıcı

Qazandığı misilsiz zəfərlərlə dünyaya səs salan Azərbaycanın istər regionda, istərsə də dünyada nüfuzu durmadan artır. Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin dünya ölkələrinin liderlərinin isə Azərbaycana səfərləri, heç şübhəsiz, dövlətimizin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfəsini verməkdədir. Son illər Azərbaycanın Avropa, Türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, Misir Ərəb Respublikası ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri  ölkələrimiz arasında yeni mərhələnin başlanğıcı oldu. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Misir prezidentlərinin görüşləri keçirildi. Səfər çərçivəsində imzalanan bir sıra sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirdi.  Hər iki dövlət başçısı mətbuata bəyanatlarında da vurğuladılar ki, bu səfər, ümumiyyətlə, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir və yeni yollar  açacaq.

Azərbaycan və Misir prezidentlərinin görüşündə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi vurğulandı.  Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan-Misir əməkdaşlığının digər bir vacib aspekti də COP-la bağlıdır. Müsəlman ölkələri içərisində əhali və ordusunun sayı, yerləşdiyi geostrateji mövqeyinə görə Misirlə əlaqələr Azərbaycan üçün də  perspektivlidir. Misirin COP 27-yə uğurla sədrliyi və bu təcrübədən Azərbaycanın yararlanmağı, Yaxın Şərqin ən ağrılı qarşıdurmalarından olan İsrail-Fələstin münaqişəsində Fələstin dövlətinin qurulmasında bir çox ölkələrlə yanaşı Misirlə də həmfikir olmağı, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının qarşıya məqsəd qoyulması həm də Azərbaycanın Misir vasitəsi ilə Yaxın Şərqdəki nüfuzunun artırılmasına birbaşa təsir göstərən amillərdəndir. Bütün bunları nəzərə aldıqda hər iki ölkə arasında yüksələn əlaqələrin  regional və beynəlxalq siyasətdə mühüm rol oynayacağı şübhəsizdir.

Azərbaycan müsəlman ölkəsi olaraq bu coğrafiyaya daxil olan dövlətlərlə yüksək səviyyədə əməkdaşlığını davam etdirir, siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələrin yeni mərhələyə yüksəlməsi istiqamətində səylərini əsirgəmir. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, iki ölkənin birgə səyləri nəticəsində Azərbaycan-Misir əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və hər iki ölkənin vətəndaşlarının rifahına xidmət göstərəcək.

Anar Məmmədov,

Milli Məclisin deputatı