14 iyun 2024 03:02
224

Türkiyə-Azərbaycan qardaşlığının əbədi rəmzi - Şuşa Bəyannaməsi

İki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan, böyük strateji əhəmiyyəti olan bu tarixi sənədin imzalanmasından 3 il ötür

Ortaq soy-kök, oxşar mədəniyyət, dil, din, ortaq adətlər və milli dəyərlər Azərbaycan-Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. İki qardaş ölkə öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı qardaş Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər daha yüksək səviyyəyə çatdı. Bu qardaşlıq əlaqələri qırx dörd günlük müharibənin Azərbaycanın tarixi Zəfəri ilə başa çatmasında mühüm rol oynadı. Qardaş Türkiyənin Azərbaycana göstərdiyi mənəvi, siyasi dəstək, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın “Bu savaşda üçüncü qüvvə olarsa, Türkiyə də tərəf olacaq” deməsi Azərbaycanın qələbəsini şərtləndirən amillərdən oldu.

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkə arasında dostluğun, qardaşlığın rəmzi olan son dərəcə qiymətli sənəddir. Müttəfiqliyimizi rəsmiləşdirən bu Bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Şuşa Bəyannaməsinin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır.

15 İyun- Milli Qurtuluş Günündə imzalanan, böyük tarixi və strateji əhəmiyyətə malik olan Şuşa Bəyannaməsi qırx dörd günlük müharibədən sonra bölgədə yeni geosiyasi reallıqlar çərçivəsində Azərbaycanın formalaşdırdığı regional təhlükəsizlik sisteminin ən önəmli hissəsidir. Bu tarixi sənəd müasir reallıqları əks etdirməklə yanaşı, iki qardaş ölkə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində Türkiyənin rolundan bəhs edərkən demişdir: “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuz illik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər- Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”.

Şübhəsiz, Şuşa Bəyannaməsi tarixə əsaslanır və möhkəm təmələ malikdir. 1921-ci il oktyabrın 13-də imzalanan Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi müasir reallıqları əks etdirməklə yanaşı, iki qardaş ölkə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir. Bu tarixi Bəyannamə Azərbaycanın və Türkiyənin milli güclərinin artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir. Mühüm tarixi əhəmiyyətə malik olan Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.

Prezident İlham Əliyev 2022-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin  birinci ildönümü münasibətilə Şuşada keçirilən “Azərbaycan -Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda bildirib ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir: “Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun - Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi türk dünyasının parlaq şəxsiyyətləri - “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” söyləyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir”

Türkiyə-Azərbaycan münasibətləri Şuşa Bəyannaməsinin imzalanması ilə keyfiyyətcə yeni müstəviyə qədəm qoydu. Bu mənada bir daha əminliklə demək olar ki, iki qardaş ölkələr olan Azərbaycan və Türkiyə bundan sonra da ortaq hədəflər, milli maraqlar əsasında fəaliyyət göstərəcək, möhkəm həmrəylik və qətiyyətli siyasi iradə nümayiş etdirəcəklər.

Zahid Rza, “İki sahil”