14 iyun 2024 23:35
219

Fransızların böyük əksəriyyəti Makronun istefasını istəyir

"Europe1", "CNews" və "Le Journal du Dimanche" kimi media orqanlarının sifarişi ilə keçirilmiş sosial sorğunun nəticələrinə görə, fransızların 57 faizi Prezident Emmanuel Makronun istefasını istəyir.

“İki sahil” xəbər verir ki, Fransada bütün yaş qrupları arasında aparılan sorğu iştirakçılarının 57 faizi növbədənkənar parlament seçkilərində Makronun partiyasının növbəti dəfə uğursuzluğa düçar olacağı təqdirdə, Prezidentin istefa verməli olduğunu bildiriblər.

İkinci məğlubiyyətdən sonra ölkə Prezidentinin istefa verməsini istəyənlərin əksəriyyəti 18-24 yaş arasında olan seçicilərdir (76 faiz).

Siyasi cərəyanlara gəldikdə, solçuların 56 faizinin fikrincə, E.Makron Yelisey sarayındakı fəaliyyətinə son qoymalıdır. Sağçıların isə 75 faizi E.Makronun ikinci mandatı bitmədən Yeliseyi tərk etməsini arzulayır. "Milli Birlik" Partiyasının tərəfdarlarının 83 faizi ölkə Prezidentinin istefasını görmək istəyir.

Daha çox diqqət cəlb edən isə odur ki, E.Makronun özünün düşərgəsinin üzvlərinin 30 faizi onun getməsini gözləyir.