21 iyun 2024 01:57
450

Müştərək məqsədlərin həyata keçirilməsində siyasi partiyaların əməkdaşlığı əhəmiyyətli rol oynayır

Dövlət başçısı İlham Əliyevin “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd etdiyi kimi, qurumda təmsil olunan ölkələrin dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edir

Dövlət başçısı İlham Əliyev suverenliyimizin tam bərpa edilməsindən başlanan yeni dövrün ilk mühüm hadisəsi olan 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində digər istiqamətlər kimi, xarici siyasət sahəsində də prioritetləri açıqlayarkən bir daha bu çağırışı etdi ki, bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox: «Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.»

Cənab İlham Əliyev bu günlərdə TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən də diqqəti bu birliyimizə, həmrəyliyimizə yönəltdi və bildirdi ki, hər dəfə qardaş ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir: «Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.»

Məlum olduğu kimi, gələn ay dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Qarabağın tacı Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü kçiriləcək. Ölkə Prezidentinin vurğuladığı kimi, Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. «Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir» söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan və Azərbaycan prezidentlərinin iştirakı ilə qoyuldu.

Onu da qeyd edək ki, iyulda Şuşada keçiriləçək Zirvə görüşünün əsas müzakirə mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması prioritet məsələlərdəndir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərirlər. Hazırkı dövrdə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Zirvə görüşündə bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Cənab İlham Əliyevin çıxışlarında daim bu məqam xüsusi qeyd edilir ki, bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Ölkə ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi mümkün deyil. Belə olan halda nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq. Bu mühüm məqam da xüsusi vurğulanır ki, üstünlüyümüz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etməyimizdir. Bu, həm Xəzər dənizində, həm də dəmir yolu, avtomobil yolları, dəniz limanı infrastrukturunda özünü nümayiş etdirir. Səkkiz beynəlxalq aeroportumuz var. Doqquzuncu Laçında inşa edilir: «Yəni, biz tam hazırıq. Hazır olmayanlar da öz işlərini görsünlər, öz ərazilərində çatışmayan infrastruktur layihələrini icra etsinlər. Əlbəttə ki, beynəlxalq təcrübəyə əsaslanaraq biz tranzit ölkə kimi öz imkanlarımızı təqdim edirik. Əlbəttə ki, bundan həm iqtisadi, həm siyasi dividendlər alacağıq.»

Azərbaycanın ikitərəfli, xüsusilə türk dövlətləri ilə əlaqələrindən də ölkələrin nəqliyyat imkanlarına xüsusi diqqət yönəldilir. «Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır» söyləyən cənab İlham Əliyev onu da qeyd edir ki, enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan «Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır» söyləyərək bildirir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır. Ötən ilin sentyabrında “Türk qapısı” Naxçıvana səfər zamanı Prezident İlham Əliyev ilə birlikdə Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı niyyət protokolunun imzalanması da bu məqsədə xidmət edir.

Göründüyü kimi, Azərbaycanın hansı nəqliyyat imkanlarına malik olduğu açıqlanmaqla yanaşı, bunun əməkdaşlığın coğrafiyasının genişlənməsinə təsir imkanları diqqətdən kənarda qalmır. Əvvəldə də haqqında bəhs etdiyimiz, dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən neft- qaz kəmərlərindən sonra qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Diqqətçəkən məqam odur ki, əvvəlki neft-qaz layihələrinin gerçəkləşməsində beynəlxalq maliyyə təşkilatlarının dəstəyindən istifadə edən təşəbbüskar dövlətlər böyük geosiyasi inqilab adlandırılan BTQ-nin çəkilişini yalnız öz vəsaitləri hesabına reallaşdırdılar. Bu sahədə Azərbaycanın rolu daha böyükdür.

Xəzər hövzəsindəki karbohidrogen ehtiyatlarını dünya bazarına çıxaran Azərbaycan yükdaşımalarının təminatında da logistik mərkəz rolunu oynamaqla regional əhəmiyyətini artırır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir. Reallaşan hər bir layihə isə respublikamızın dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir.

Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır.

Təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır. Əvvəldə də qeyd etdiyimiz kimi, əsas hədəf Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Çünki Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir ki, infrastrukturun yenilənməsi ilə Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanı respublikamızın ərazisindədir. Başqa sözlə deyilsə, Avropa və Asiya arasında əlaqə yaradan Bakı-Tbilisi-Qars əraziləri yaxınlaşdırmaq istəyənlər üçün ən səmərəli yoldur. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün vacib hissəsidir. Hadisələrin inkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir.

Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunun üçün Davos Dünya İqtisadi Forumunun hesabatına nəzər salmaq kifayətdir. Belə ki, ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.

Son dörd ilə yaxın dövrdə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prosesində də ilk olaraq diqqət göstərilən məsələ infrastrukturun yenilənməsi və bərpasıdır. Yeni avtomobil yolları çəkilir, hava limanları tikilir. Qarabağı və Şərqi Zəngəzurun hava qapısı dünyaya açılıb. Belə ki, 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının isə bu ilin sonu və gəlin ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərimizdə üç hava limanının fəaliyyət göstərməsi bu ərazilərin coğrafi mövqeyini nümayiş etdirir. Bu hava limanları həm bu ərazilərin iqtisadi inkişafına, həm də turizm imkanlarının artmasına öz müsbət təsirini göstərəcək.

Bugünümüzün əsas hədəflərindən biri qeyri-neft sektorunun inkişafıdır. Nəqliyyat sektorumuz qarşıda dayanan bu kimi vəzifələrin icrasına geniş imkanlar yaradır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub. Bu gün iqtisadi əməkdaşlığa diqqət yetirdikdə enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinin prioritetliyi fonunda atılan addımlar xüsusi diqqət çəkir. Tranzit imkanlarının mövcudluğu əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə stimul verir.

Tranzit imkanlarının genişliyi ümumilikdə türk dünyasının daha da möhkəmləndirilməsi məsələsində öz sözünü deyir. Türkdilli dövlətlərin hər birinin bu hədəfə öz töhfələrini vermək imkanları mövcuddur. Əvvəldə də qeyd etdiyimiz kimi, iyunun 15-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa şəhərində Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr olunmuş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans təşkil edildi. Dünyaya səs salan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsi oldu. Tərəflər bu mühüm sənədi imzalamaqla iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə etdilər, siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini diqqətə çatdırdılar. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyi yüksək qiymətləndirilir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınır.

Dünyaya dostluğun, qardaşlığın nümunəsini təqdim edən Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Hazırda elə bir sahə yoxdur ki, uğurlu inkişafı diqqətdən kənarda qalsın. Bu birlik, həmrəylik regionda sabitliyin, sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq. Ölkə Prezidenti, həmçinin bildirir ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir.

Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Şuşa Bəyannaməsində əksini tapan müddəalar əlaqələrin bugünkü və gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim dünyaya nümunə göstərilib. 44 günlük Vətən müharibəsi dövründə bu qardaşlığın daha yüksək səviyyədə özünü büruzə verməsi, Türkiyənin hər addımda ölkəmizə mənəvi və siyasi dəstəyi dünyanın diqqətindən kənarda qalmadı. «Azərbaycan tək deyil» bəyanatını istər müharibənin getdiyi, istərsə də postmünaqişə dövründə atdığı addımları ilə sübut edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbədən sonra ölkəmizə səfəri zamanı sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında «Atılacaq daha çox imzalar var» deməklə sonrakı dövrdə görüləcək işlərin, imzalanacaq sənədlərin anonsunu verdi. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin zirvəsi oldu. Bu Bəyannamə dünyaya bir sıra mesajları ünvanladı.

Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən konfransın iştirakçılarına müraciətində də bütün bu reallıqların fonunda bildirdi ki, müasir dövrdə qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrilmişdir. Xarici güc mərkəzlərinin təsiri və müdaxiləsi ilə dünyanın müxtəlif regionlarında çoxsaylı qarşıdurmaların – etnik və dini zəmində münaqişələrin, siyasi konfrontasiyaların baş verməsi, xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir.

Bu mühüm məqam da diqqətə çatdırıldı ki, son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir.

Ölkələr arasında əlaqələrin inkişafında siyasi partiyaların rolu inkaredilməzdir. Ümumilikdə Yeni Azərbaycan Partiyası fəaliyyətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Bu və ya digər ölkələrin hakimi partiyaları ilə, həmçinin beynəlxalq qurumlarla əməkdaşlıq ölkəmizin xarici siyasət uğurlarına öz töhfəsini verir. Cənab İlham Əliyev sözügedən müraciətində əlaqələrin inkişafında siyasi partiyaların rolunu önə çəkərək onu da bildirir ki, Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrin siyasi partiyaların qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Keçilən yola baxış əsasında bu əminlik də ifadə olunur ki, Azərbaycan xalqı üçün əlamətdar olan mühüm tarixdə – Milli Qurtuluş Günündə və Şuşa Bəyannaməsinin imzalanmasının növbəti ildönümündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində keçirilən, bu səbəbdən xüsusi rəmzi mənaya, mənəvi-siyasi önəmə malik sözügedən tədbirin ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına, türk dünyasının birliyinin daha da möhkəmlənməsinə, yeni hədəflərin reallaşmasına dəyərli töhfələr verəcək.

Yeganə Əliyeva, «İki sahil»