26 aprel 2026 09:03
166

Azərbaycan–Ukrayna əlaqələri yüksələn xətlə inkişaf edir

Prezident cənab İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin 25 aprel tarixində Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və perspektivlərini aydın şəkildə ortaya qoyan mühüm siyasi mesajlar toplusudur. Bu bəyanat həm ikitərəfli əlaqələrin strateji mahiyyətini təsdiqləyir, həm də dəyişən geosiyasi reallıqlar fonunda Bakı-Kiyev xəttinin aktuallığını bir daha ön plana çıxarır.

İlk növbədə, dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Ukrayna prezidentləri arasında təmasların müntəzəm xarakter daşıması münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Son dörd il ərzində yeddi görüşün keçirilməsi, o cümlədən beynəlxalq platformalarda davamlı dialoq, siyasi münasibətlərin formal çərçivədən kənara çıxaraq real əməkdaşlıq mexanizmlərinə söykəndiyini təsdiqləyir. Bu dinamika şəxsi münasibətlərin də dövlətlərarası əlaqələrə müsbət təsir etdiyini göstərir və liderlər arasında formalaşmış qarşılıqlı etimad mühüm amil kimi çıxış edir. Azərbaycan-Ukrayna münasibətlərinin əsas sütunlarından biri güclü hüquqi-siyasi baza üzərində qurulmasıdır. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu əlaqələrin institusional çərçivəsini formalaşdırıb. Həmin sənədlərdə qarşılıqlı olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının dəstəklənməsi kimi fundamental prinsiplərin təsbit olunması xüsusilə diqqət çəkir. Bu yanaşma, həm də hər iki ölkənin beynəlxalq hüquqa əsaslanan mövqeyinin uzlaşdığını və qlobal platformalarda bir-birinə verdiyi siyasi dəstəyin davamlı xarakter daşıdığını nümayiş etdirir.

Bəyanatda qeyd olunan digər mühüm məqam institusional əməkdaşlığın genişlənməsidir. Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsi və Hökumətlərarası Komissiyanın fəaliyyəti əlaqələrin sistemli inkişafına xidmət edir. Bu mexanizmlərin növbəti mərhələdə Ukraynada davam etdirilməsi ilə bağlı müzakirələr əməkdaşlığın coğrafiyasının və məzmununun daha da genişlənəcəyinə işarə edir. Bu isə əlaqələrin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, konkret fəaliyyət planları ilə müşayiət olunduğunu göstərir.Energetika sahəsi Azərbaycan-Ukrayna əməkdaşlığının prioritet istiqamətlərindən biri olaraq qalır. SOCAR-ın Ukraynada uzunmüddətli və uğurlu fəaliyyəti iki ölkə arasında iqtisadi inteqrasiyanın real nümunəsidir. Bununla yanaşı, yeni birgə layihələrin, sərmayə qoyuluşunun və təşəbbüslərin müzakirə olunması gələcəkdə əməkdaşlığın daha da dərinləşəcəyini göstərir.

Xüsusilə enerji təhlükəsizliyi məsələlərinin qlobal gündəlikdə önəm qazandığı bir dövrdə Azərbaycan-Ukrayna tərəfdaşlığı bu sahədə qarşılıqlı faydalı platforma kimi çıxış edir. Ticarət dövriyyəsinin yarım milyard dolları ötməsi müsbət göstərici olsa da, tərəflər mövcud potensialın daha geniş olduğunu qəbul edir. Bu, iqtisadi əlaqələrin şaxələndirilməsi, qeyri-neft sektorunda əməkdaşlığın artırılması və qarşılıqlı investisiyaların təşviqi üçün əlavə imkanlar yaradır. Mövcud iqtisadi baza üzərində qurulacaq yeni layihələr münasibətlərin daha dayanıqlı və uzunmüddətli olmasına xidmət edə bilər. Hərbi-texniki əməkdaşlıq məsələsi də xüsusi diqqət çəkən istiqamətlərdəndir. Hər iki ölkədə müdafiə sənayesinin inkişaf etməsi birgə istehsal və texnologiya mübadiləsi üçün real zəmin yaradır. Bu sahədə əməkdaşlıq yalnız müdafiə qabiliyyətinin gücləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda sənaye kooperasiyasının genişlənməsi baxımından da əhəmiyyətlidir.

Ümumilikdə, Prezident cənab İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri çoxşaxəli və dinamik inkişaf mərhələsindədir. Qarşılıqlı hörmətə və milli maraqların uzlaşdırılmasına əsaslanan bu əməkdaşlıq modeli həm regional, həm də beynəlxalq kontekstdə əhəmiyyətli rol oynayır. Mövcud siyasi iradə və institusional baza nəzərə alındıqda, bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyi və yeni strateji məzmun qazanacağı şübhə doğurmur. Bu səfər və onun nəticələri bir daha təsdiq edir ki, Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq yalnız mövcud reallıqların deyil, həm də gələcək əməkdaşlıq perspektivlərinin formalaşdırılmasında mühüm amil kimi çıxış edir.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı