21 iyun 2024 15:20
227

Moldova Prezidenti Aİ-yə üzvlüklə bağlı fərman imzalayıb

Moldova Prezidenti Mayya Sandu ölkəsinin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlanması haqqında fərman imzalayıb.

“İki sahil” xəbər verir ki, Mayya Sandu bu barədə özünün sosial media hesabında yazıb. Moldova Baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova danışıqların əsas məsul şəxsi təyin edilib.

Euractiv portalının məlumatına görə, Hollandiya parlamenti Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını rəsmən dəstəkləyib və bununla da prosesdə ən son maneə aradan qalxıb.

Hər hansı bir ölkənin Avropa İttifaqına namizəd statusu alması və ya bu istiqamətdə danışıqların başlanması onun ittifaqa qəbul edilməsi anlamına gəlmir və müvafiq proseslər Brüsselin üzərinə heç bir öhdəlik qoymur.

Xatırladaq ki, 1999-cu ildə namizəd statusu alan Türkiyənin üzvlük barədə danışıqları 2005-ci ildən davam edir. Şimali Makedoniya 2005-ci ildən, Monteneqro 2010-cu ildən, Serbiya isə 2012-ci ildən Aİ üzvlüyünə namizəddir. 2013-cü ildə Avropa İttifaqına qəbul edilən sonuncu ölkə olan Xorvatiya üçün bu proses on il çəkib.