21 iyun 2024 16:17
233

Çinin Tbilisidəki səfirliyindən ABŞ-a ETİRAZ: "ABSURDDUR VƏ FAKTLARA ƏSASLANMIR"

Çin Xalq Respublikasının Tbilisidəki səfirliyi ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqanın bəyanat verərkən peşəkarlıq nümayiş etdirməməsindən təəssüfləndiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu haqda “Kommersant” məlumat yayıb.

Çin diplomatik missiyası səfir Danniqanın Gürcüstanda yerli mediaya verdiyi açıqlamanı tənqid edib. Xatırladaq ki, amerikalı diplomat “China Communications Construction Company Limited”  şirkətinin Abxaziya yaxınlığında Qara dəniz sahilində Anakliya dərin su limanının tikintisində iştirakının məqsədəuyğun olmadığını bildirib.

“Gürcüstan hökumətinin müqavilə bağladığı bu şirkətin sahibi bu gün Rusiya ordusunun bir nömrəli maliyyəçisi olan Çin Kommunist Partiyasıdır”, - xanım səfir vurğulayıb.

ABŞ səfirinin sözlərinə görə, həmin şirkət qlobal miqyasda o qədər də yaxşı reputasiyaya malik deyil. Belə ki, şirkət bu yaxınlarda Şri-Lankada liman tikib və bu liman ətrafında çoxlu söz-söhbət var.

Çinin Tbilisidəki səfirliyi ABŞ səfirinin bəyanatına dərhal cavab verib. Qeyd edilib ki, ABŞ-ın Gürcüstandakı səfirinin dedikləri absurddur və faktlara əsaslanmır. Çin tərəfi belə bəyanatı qətiyyətlə pisləyir və hesab edir ki, səfirin səsləndirdiyi fikirlər Çin sədri Si Çinpinlə ABŞ prezidenti Co Bayden arasında ötən ilin noyabrında San-Fransiskoda keçirilən görüşdə ortaya qoyulan baxışa ziddir.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Amerika və Çin səfirlikləri arasındakı diplomatik mübahisədə dərhal Çinin tərəfini tutub.