02 iyul 2024 14:45
357

Türkiyə millisi ümidlidir və inamlıdır - Rəqib Avstriyadır

Türkiyə futbol üzrə Avropa çempionatında növbəti dəfə yol ayrıcına gəlib. Bu gün 1/8 finalda Avstriya ilə qarşılaşacaq Türkiyə millisi yeni bir tarix yazmağa ümidlidir. Almaniyanın ev sahibliyi etdiyi AVRO 2024-də “F” qrupunda ikinci yeri tutaraq 1/16 final mərhələsinə yüksələn “ay ulduzlular” on minlərlə azarkeşin dəstəyi ilə Leypsiq stadionunda  Avstriyanı məğlub etmək vərək 1/4 finala yüksəlmək istəyir. Qalib komanda növbəti mərhələyə adlayacaq, məğlub olan komanda isə futbol bayramı ilə vidalaşacaq.

Türkiyə-Avstriya matçının qalibi iyulun 6-da Berlində keçiriləcək 1/4 finalda Rumıniya-Hollandiya cütünün qalibi ilə qarşılaşacaq.

Türkiyə millisində Hakan Çalhanoğlu və Səməd Akaydın cəzalı olduqlarından oyunda iştirak etməyəcəklər. Belə ki, hərəyə 2 sarı vərəqə alan bu iki futbolçu bugünkü oyunu buraxacaqlar. Avstriya yışmasında isə Patrick Wimmer cəzalı olduğuna  görə sözügedən qarşılaşmada iştirak etməyəcək.

“Ay ulduzlu” komandada əzələ dartılması olan Samet Akaydından başqa zədəli futbolçu yoxdur. Komandada Zeki Çelik, Salih Özcan, Kənan Yıldız, İsmail Yüksek, Mert Günok, Uğurcan Çakır, Mert Müldür, Orkun Kökçü, Kaan Ayhan və Arda Gülər sarı kart görmələri halda növbəti matçda oynamayacaqlar.

Xatırladaq ki, “Ay ulduzlu” komandanın “sükanı arxası”nda 6-sı rəsmi, 5-i yoldaşlıq olmaqla 11 oyun keçirən italiyalı çalışdırıcı 5 oyunda qələbə qazanıb, 4 məğlubiyyət, 2 heç-heçəyə imza atıb.

Avstriya ilə oyunu şərh edən Türkiyə Futbol Federasiyasının sədr müavini Mustafa Eröğüt addım-addım irəlilədiklərini bildirərək turun qalibi olacaqları halda növbəti matçın Berlində olacağını söyləyib: “Dortmundda, Hamburqda oynadıq, Leypsiqdə oynayacağıq. Milli Komandanı daha çox Berlində görmək istəyirik. Mümkünsə, iki dəfə görmək istərdik. Biz bunun üçün çalışırıq. Finalla bağlı arzumuz gerçəkləşərsə, Almaniyanın qarşı tərəfdə olması Berlindəki bu final həyəcanını daha da artıracaq.”

Məlumat üçün bildirək ki, Türkiyə və Avstriya 10-u rəsmi olmaqla ümumilikdə 17 dəfə rəqib olublar. Sözügedən qarşılaşmalardan Türkiyə millisi 7, Avstriya isə 9 dəfə qalib ayrılıb. Bir görüşdə isə "sülh" olub. İki ölkə sonuncu dəfə 2024-cü il martın 26-da Vyanadakı "Ernst Happel" stadionunda yoldaşlıq oyununda qarşılaşıb və “ay ulduzlar” rəqibinə 6-1 hesabı ilə məğlub olub.

Orxan Vahidoğlu, "İki sahil"