07 iyul 2024 00:17
273

WSJ: Ağ Ev Baydendən müsahibə alan jurnalistlərə sualların siyahısını göndərib

Bu yaxınlarda ABŞ prezidenti Co Baydendən müsahibə alan, ən azı iki jurnalist Ağ Evin hazırladığı siyahıdan suallar verib.

“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin yazdığına görə, Filadelfiya radiosunun aparıcısı Andrea Loful-Sanders səkkiz sualdan ibarət siyahı alıb. Nəşr aparıcının sözlərindən sitat gətirir: “Qarşıya qoyduğum yeganə şərt odur ki, onların verməyimi istədikləri sualları versəm, o zaman öz aydınlaşdırıcı suallarımı verəcəm”.

Bundan əlavə, Viskonsin radiosunun aparıcısı Earl Ingraham da nəşrə təsdiqləyib ki, Baydenlə müsahibə üçün suallar siyahısını alıb. Hər iki müsahibə Baydenin inandırıcı olmayan televiziya debat performansını izləyib.

Öz növbəsində, Baydenin seçki kampaniyası bu sualların istifadəsi ilə bağlı şərtlər qoymadıqlarını bildiriblər. Qəzet Bayden kampaniyasının sözçüsü Lauren Hittdən sitat gətirib: "Aparıcılar həmişə dinləyicilərini ən yaxşı şəkildə məlumatlandıracaq sualı verə bilərlər".

Məhərrəm Ağalaroğlu, “İki sahil”