10 iyul 2024 17:18
168

Stoltenberq: 23 NATO ölkəsi hərbi büdcəsini artırıb

“İran, Şimali Koreya və Çin Ukraynadakı müharibədə Rusiyanı dəstəkləyən əsas ölkələrdir”.

“İki sahil” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlər üçün brifinqdə deyib.

O, həmçinin alyansa üzv və tərəfdaş olan dövlətlərin Ukraynaya dəstək üzrə 5 elementdən ibarət paketi razılaşdıracağına ümidvar olduğunu söyləyib: “Bu elementlərdən ən əsası NATO komandanlığının Ukraynaya təhlükəsizlik və bu ölkədən olan hərbçilərə təlim keçirilməsi istiqamətində dəstəyinin, eləcə də Ukraynanın hava hücumundan etibarlı müdafiəsi də daxil olmaqla, orduya hərbi yardımın davam etdirilməsindən ibarətdir. Adlarını çəkdiyim iki əsas element Ukraynanı NATO-ya daimi üzvlüyə daha da yaxınlaşdırır. Bizim Avropadakı qoşunlarımız artıq uzun müddətdir, hazırlıq vəziyyətinə gətirilib. Digər tərəfdən bildiyiniz kimi Polşada da hava hücumundan müdafiə sistemlərimiz intensiv şəkildə fəaliyyətini davam etdirir".

O deyib ki, daha bir vacib məqam isə müdafiə sahəsinə investisiyaların artırılması ilə bağlıdır: "Bu məsələ ilk dəfə alyansın 10 il əvvəlki sammitində gündəmə gətirilib. Əgər əvvəlki dövrdə hər il sadəcə alyansa üzv olan üç dövlət hərbi xərclərini artırırdısa, son bir illik dövrdə bu rəqəm 23-ə çatıb. Ukrayna müharibəsi gücümüzü birləşdirmənin vacibliyini göstərdi. Çünki İran, Şimali Koreya və Çin Ukraynadakı müharibədə Rusiyanı dəstəkləyən əsas ölkələrdir”.