18 iyul 2024 13:35
269

Əsrə bərabər 25 il...

Dövlət Neft Fondunun qısa müddətdə keçdiyi yolu belə dəyərləndirmək olar

Təbii sərvətlər hər bir xalqa Ulu Tanrı tərəfindən bəxş edilmiş əvəzsiz nemətdir. O dövlətlərdə ki, təbii sərvətlərdən, o cümlədən neft kimi əvəzsiz  nemətdən məqsəd üçün  deyil, vasitə kimi, yəni vətəndaşların və ölkənin xoşbəxt sabahı naminə qənaətlə, səmərəli istifadə edilir, o məmləkətlərdə insanlar daim bolluq, firavanlıq içində yaşayır, gələcək nəsillərin yüksək maddi rifahı əvvəlcədən təmin olunur. Dünyanın neft və qaz ehtiyatları ilə zəngin ölkələri sırasında öncül yerlərdən birini tutan Azərbaycandakı kimi...

Birinci hədəfə necə çatdıq?..

Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ciddi iqtisadi-siyasi və hərbi problemlərlə üz-üzə qalmışdı. Bu faciəli durum 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışına, bir az da dəqiqləşdirməli olsaq Ulu Öndərin müdrik neft strategiyasının təntənəsi olan xarici transmilli şirkətlərlə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə daxil olmuş neft kontraktının imzalanmasınadək davam etdi. Bu dəqiqləşdirmə aparmağımızın səbəbi odur ki, Azərbaycanın nəhayət, öz təbii sərvətlərinə sahiblənməsinə hər vasitə ilə maneçilik törətməyə çalışan, bu yolda ən iyrənc vasitələrə əl atan qara niyyətli beynəlxalq güclər məhz Heydər Əliyev kimi dahi siyasətçinin, yüksək idarəçilik qabiliyyətinə malik dövlət xadiminin məharətli siyasi və diplomatik gedişləri qarşısında geri çəkilməyə məcbur oldular. Nəticədə 1994-cü il sentyabrın 20-də Bakıda Ulu Öndərin rəhbərliyi altında, Onun diktə etdiyi şərtlər əsasında dünyanın 7 nüfuzlu dövlətini təmsil edən 12 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın zəngin təbii sərvətlərinin sahibi olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirdi.

 Beləliklə, “Əsrin müqaviləsi”nin icrasına başlanılması ilə Azərbaycan dövləti Heydər Əliyevin dahiyanə uzaqgörənliklə işləyib hazırladığı neft strategiyasında qarşıya qoyulan prioritet hədəflərdən birincisinə  çatmış oldu.

Dilemma: Neft gəlirlərini birbaşa büdcəyə transfert etməli, yoxsa suveren fondda saxlamalı?

Azərbaycan dövləti artıq ölkəyə axmaqda olan neft gəlirlərini harada saxlamaq və bu vəsaitləri necə xərcləmək kimi çətin dilemma qarşısında qalmışdı. Nə etməli? Hansı yolu seçməli? Bu zaman Ulu Öndər Heydər Əliyevin bütün dövrlər üçün aktual olan “Neft – Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” məşhur tezisi bütün müzakirələrə nöqtə qoymuş oldu. Bu tezisin açması o idi ki, Azərbaycan xalqının milli sərvəti olan neftdən gələn gəlirlər bir mərkəzdə toplanmalı, onun bir qismi şəffaflıq və hesabatlılıq prinsipləri əsasında ölkənin, xalqın ehtiyaclarına xərclənməli, digər böyük bir hissəsi isə gələcək nəsillər üçün saxlanmalıdır.

Mübaliğəsiz demək olar ki, yeni milli neft strategiyasında nəzərdə tutulmuş əsas hədəflərə çatmaq məqsədilə Ulu Öndər Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təsis olunması bu baxımdan son dərəcə müdrik qərar, vaxtında və uzaqgörənliklə atılmış inqilabi addım idi.

Suverenliyin, şəffaflığın və hesabatlılığın Azərbaycan modeli

Yaxud ARDNF-nin vəsaitləri niyə ərimədi?

Bu addımın uzaqgörənliyi və inqilabiliyi həm də onda idi ki, Dövlət Neft Fondu yaradılarkən beynəlxalq təcrübəyə istinad edilsə də, onların iş metodu, necə deyərlər, kor-koranə kopyalanıb tətbiq olunmadı. Yazının hazırlanması ərəfəsində həmsöhbət olduğumuz tanınmış iqtisadçı-ekspertlər bununla bağlı maraqlı fikirlər söylədilər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, ötən 25 ildə ARDNF institusional cəhətdən yüksək səviyyədə formalaşmaqla beynəlxalq səviyyədə tanınan suveren fond statusunu uğurla daşıyan nümunəvi bir quruma çevrilməyi bacardı: “Bu gün artıq ARDNF vəsaitlərin idarə edilməsi, fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması baxımından digər dövlətlərin müvafiq fondları ilə öz təcrübəsini bölüşməyə qadir olan müstəqil qurum statusuna sahiblənib. Başqa ölkələrdəki analoji fondlarla müqayisədə ARDNF-nin fəaliyyətində diqqəti cəlb edən əsas məqam budur ki, yaradılarkən bu suveren fondların təcrübəsinə istinad edilməklə yanaşı, yerli xüsusiyyətlər və mövcud ehtiyaclar da nəzərə alındı. Neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə bərabər, bugünkü nəsillərin problemlərinin həlli məqsədilə də istifadə edilməsini nəzərdə tutan bir model seçildi”.

İlham Şaban vurğuladı ki, məhz dünyanın iki dəfə yaşadığı qlobal iqtisadi böhran dövründə - 2008-ci ilin sonunda və 2014-cü ildə neftin qiymətinin kəskin ucuzlaşması zamanı ARDNF-nin bir maliyyə institutu olaraq ölkə daxilində iqtisadiyyatın stabilləşməsində müstəsna rolunu müşahidə etdik: “Bu iki hadisə Azərbaycanın suveren fondunun iqtisadiyyatda təhlükəsizlik yastığı kimi böyük əhəmiyyət daşıdığının göstəricisidir. Fondun 1 iyul 2024-cü il  tarixinə olan məlumatına əsasən, yaradılmasının 25-ci ilində ARDNF-nin aktivlərinin 58 milyard dolları keçməsi bunu bir daha sübut etdi. Halbuki, 2014-cü ilin qlobal böhranı zamanı əksər beynəlxalq ekspertlər iddia edirdilər ki, ARDNF-nin vəsaitləri 2020-ci ilə çatmayacaq, əriyib gedəcək, nəticədə ölkədəki makroiqtisadi sabitlik pozulacaq. Onlar bu iddianı başqa ölkələrdə yaşanan analoji duruma əsaslanaraq irəli sürürdülər. İndi isə ARDNF-nin 58 milyard dollardan çox aktivlərinin olduğunu açıqlayanda xatırlatmaq lazım gəlir ki, yeni neft strategiyasının timsalında əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyevin zamanın çağırışlarına uyğun olaraq uğurla davam etdirdiyi uzaqgörən siyasət Azərbaycanın gələcəyi üçün çox vacib bir amilə çevrilib. Həmçinin bu gün artıq ARDNF-i dünyada mövcud olan bu tipli suveren fondlarla müqayisə etdikdə onun çoxməqsədli suveren fond olduğu diqqəti cəlb edir”.

VI çağırış Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov da belə hesab edir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən ARDNF-nin yaradılması ilə bağlı siyasi iradə nümayiş etdirilməsi neft satışından əldə edilən vəsaitlərin büdcədənkənar hesaba yığılması, xərcləmələrin optimallaşdırılması baxımdan son dərəcə müdrik qərar idi: “Məhz bu müdrik qərar praktiki olaraq suveren fondların fəaliyyət prinsipinə uyğun olaraq Azərbaycanda neft gəlirlərinin xərclənməsinə məsul olan bir fondun formalaşmasına imkan verdi. Əgər Dövlət Neft Fondu yaradılmasaydı, o zaman vəsait birbaşa büdcəyə ödənilməli idi və təbii ki, bu pullar həmin maliyyə ilində də xərclənib qurtarardı. ARDNF-nin yaradılması vəsaitlərin hər hansı bir maliyyə ilində xərclənməsinin qarşısının alınmasına, eyni zamanda, inklüziv olaraq bu yığımın bir qisminin gələcək nəsillərə saxlanmasına etibarlı təminat verdi”.

Bugünkü və gələcək nəsillər arasında körpü

ARDNF yaradılarkən bu qurumun qarşısında 3 mühüm vəzifə qoyulmuşdu. Birincisi, ölkədə makroiqtisadi sabitliyin təşəkkül tapıb qorunması, qeyri-neft sektorunun inkişafı. İkincisi, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummmilli layihələrin maliyyələşdirilməsi. Üçüncüsü, ən mühümü isə neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq onlardan əldə edilən gəlirlərin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması. Başqa sözlə, bu milli Fondun fəaliyyətinin fəlsəfəsini Azərbaycanın bugünkü və gələcək nəsilləri arasında körpü rolunu oynamaq təşkil etməli idi.

25 illik yolun real mənzərəsi: Rifah, inkişaf, sabitlik, güc...

Əsrin dörddə birini əhatə edən ötən dövrdə qarşıda duran 3 mühüm hədəfin reallaşması istiqamətində görülən işlərin faktların və rəqəmlərin dili ifadəsi Fondun çoxsaxəli fəaliyyətinə güzgü tutur. Bu faktların və rəqəmlərin təhlilinə keçməmişdən öncə qeyd edək ki, Prezident İlham Əliyevin aşağıdakı fikirləri ARDNF-nin 25 ildə keçdiyi yolun real mənzərəsini tam dolğunluğu ilə əks etdirir: “Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır”.

Bəli, son 25 ildə ölkədə makroiqtisadi sabitliyin yaranıb möhkəmlənməsində bu gün dünyanın 60 ən şəffaf suveren fondu siyahısında ilk beşlikdə qərar tutan ARDNF-nin rolu əvəzsizdir. Faktlar və rəqəmlər bunu bir daha sübut edir. Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 69,7 milyard ABŞ dollarına çatıb. Təqdirəlayiq haldır ki, bunun mütləq əksəriyyəti, yəni 83,2 faizi və yaxud 58 milyard ABŞ dolları Dövlət Neft Fondunun payına düşüb. Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 6 milyard 456,6 milyon ABŞ dolları və yaxud 10,3 faiz artıb. Bu artımın da yarıdan çoxu, başqa sözlə, 3 milyard 935,2 milyon ABŞ dolları yenə də ARDNF-nin aktivinə yazılıb.

İkinci hədəfə gəlincə, ötən 25 ildə ARDNF Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin, Türkiyədə “Star” neft emalı kompleksinin, “Cənub Qaz Dəhlizi” QSC-nin Nizamnamə kapitalında, Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun inşasında Azərbaycan Respublikasının iştirak paylarının maliyyələşdirilməsini təmin edib. Bəhs olunan dövrdə ARDNF-nin büdcəsindən Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllinə, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsinə, Samur-Abşeron suvarma kanalının rekonstruksiyası layihəsinin reallaşmasına, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə, Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın və digər taleyüklü layihələrin maliyyələşdirilməsinə milyardlarla dollar vəsait yönəldilib.

Göründüyü kimi, 25 ildə keçilən yol ölkədə rifahın, inkişafın, sabitliyin təmin edilməsi yoludur. Cənab İlham Əliyevin yarımsərlövhəyə çıxardığımız fikrində yer alan güc amili isə təbii ki, Ermənistanın 30 ildən artıq davam edən işğalçılıq siyasətinə son qoyulmasında, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında Qarabağda keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsində neft gəlirlərindən effektiv istifadənin müstəsna rolunu əks etdirir. Bu tarixi zəfərlər həm də Ulu Öndər Heydər Əliyevin vaxtilə müdrikcəsinə irəli sürdüyü “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin real həyatda öz təsdiqini tapmasının əyani göstəricisidir.

...Və sonda

Prezident İlham Əliyevin bu günlərdə, daha dəqiq desək iyulun 8-də  imzaladığı Fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinə dəyişiklik edilib. Fərmana əsasən, Fondun 2024-cü il büdcəsinin gəlirləri 12 073 255,5 min manatdan 14 109 215,6 manata, xərcləri isə 12 900 232,5 min manatdan 12 904 943,4 manata qaldırılıb.

Beləliklə, ARDNF-nin uğur hekayəsi davam edir...

Əhməd Qurbanoğlu, “İki sahil”

Yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur