Bu il “Baku Energy Week”də 39 ölkədən 267 şirkət iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bu sözləri “Iteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyeva Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, ölkələr arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, həmçinin Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir.
“Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir. Sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər”, - deyə o qeyd edib.
O bildirib ki, sərgi çərçivəsində neft-qaz sahəsində ixtisaslaşan tanınmış nəşriyyatlar, jurnallar, qəzetlər, informasiya agentlikləri və onlayn media qurumlarının stendləri də nümayiş olunacaq.
Qeyd edək ki, 2-4 iyun tarixlərində regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 30-cu dəfə keçiriləcək. “Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”.
“Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.