26 iyul 2024 01:28
453

Makronun son “akkord”ları

Hələ ötən ilin dekabrında Fransa prezidenti Emmanuel Makron xalqa Yeni il müraciətində qarşıdan gələn il haqqında qürur və nikbinliklə danışarkən demişdi: “Biz əsrdə yalnız bir dəfə Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edirik... 2024-cü il əzm, seçim və dirçəliş ilidir”. Amma hadisələrin gedişatı göstərir ki, bu, heç də belə olmayacaq. Çünki Yelisey sarayının müvəqqəti kirayənişini Makronun yanlış xarici və daxili siyasəti nəticəsində ölkə elə vəziyyətə düşüb ki, hətta XXXIII Yay Olimpiya Oyunlarını ərəfəsində belə nikibin notlar heç bir fransızın yadına düşmür.

Belə ki, “Yeni xalq cəbhəsi” solçu koalisiyasının Fransa Milli Assambleyasına növbədənkənar seçkilərdə qalib gəlməsindən, daha doğrusu, 182 mandat əldə etməsindən sonra bu ölkənin Prezidenti Emmanuel Makron özü çıxılmaz vəziyyətə düşüb. Çünki Avropa Parlamentinə seçkilərdə rüsvayçı məğlubiyyətin ardınca onun   rəhbərlik etdiyi “Birlikdə” koalisiyası 168, Jordan Bardellanın “Milli Birlik” partiyası 143 yer qazanıb. Elə bu kimi səbəblərdən hazırda Makron “Reuters” agentliyinin saytında Parisdə Yay Olimpiya Oyunlarının açılışı ərəfəsində dərc olunmuş məqalədə deyidiyi kimi, dünyanın ən böyük idman yarışlarına ev sahibliyi edən müvəqqəti hökumətin rəhbəri, qeyri-populyar və bu tədbirdə təhlükəsizlik qorxularının artması fonunda fəaliyyət göstərən prezidentdir. Hətta agentlik fransız tarixçisi Patrik Veildən sitat gətirərək belə bir ifadə də işldib: “Makron Oyunları imperator kimi qarşılayacağını gözləyirdi. Amma indi o, axsaq ördəkdir”.

Şübhəsiz, onun bu vəziyyətə düşməsinin səbəbi Makronun dünya miqyasında həyata keçirmək istədiyi bəd əməllərlə də bağlıdır. Makron hakimiyyətinin konkret Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti də onun bəd əməl­lərinin siyahısındadır. Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyən, Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən, bölgəni özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışan, bu niyyətlə təcavüzkar ölkəni öldürücü silahlarla silahlandırmaqda  israrlı olan, belə üsullarla  Azərbaycana təzyiq göstərə biləcəyinə ümid bəsləyən, ermənipərəst mövqeyi ilə seçilən Makron Fransası artıq neçə ildir ki, ölkəmizi qınaq obyektinə çevirib. Amma rəsmi Bakı düşünülmüş siyasəti ilə Makron Fransasının iç üzünü açır və açmaqda davam edir. Çünki Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 149 illiyi münasibətilə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda dediyi kimi, Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir.

Fransanın gərgin siyasi mənzərəsi fonunda keçirilən XXXIII Yay Olimpiya Oyunları çərçivəsində etirazların daha da genişlənəcəyi istisna olunmur. Hətta bu gün, yəni iyulun 26-da XXXIII Yay Olimpiya Oyunlarının rəsmi açılış günündə Makronin avantürist siyasəti əleyhinə tətillər və nümayişlərin təşkili gözlənilir. Fransa hökumətinin Yay Olimpiya Oyunlarının başlaması ərəfəsində miqrantları və evsizləri Parisdən zorla çıxarması isə vəziyyəti bir qədər qəlizləşdirib. Bu ölkədə insanların başqa hüquqları da pozulur. Məsələn, İslamı qəbul edən və başlarını örtən fransız qadın idmançılar Olimpiadanı evdən izləməli olacaqlar. Və yaxud ümumilikdə, indiyədək 4500-ə yaxın şəxsin Olimpiadaya akkreditasiyadan keçmək imkanından məhrum edilib.

Makron  Fransası bütün bu gözləntiləri nəzərə alaraq Olimpiada adı ilə təhlükəsizliyi daha da gücləndirir. Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Olimpiya Oyunları ilə bağlı Makron admstrasiyasının atdığı təhlükəsizlik tədbirləri barədə X” sosial şəbəkəsindəki hesabında yazıb ki, Parisdə Olimpiya Oyunlarının açılışı ərəfəsində şəhər həbsxanaya çevrilib: “Dünyanın heç yerində belə bir şey görməmişəm”.  Buna görə də Makron ölkəni düşürdüyü vəziyyətə görə xəcalət çəkməlidir. Bəzi siyasətçilər təhlükəsizliyin pik həddə qorunması məqsədi ilə görülən  tədbirləri Makronun yersiz siyasətilə bağlı olduğunu iddia edirlər. Şübhəsiz, bütün bunlar o deməkdir ki, Makronun siyasi avantürası Paris Olimpiadasına da  xələl gətirir.

Yeri gəlmişkən, ilkin məlumata görə, XXXIII Yay Olimpiya Oyunlarına  tamaşa etmək üçün 15 milyon tu­ristin gələcəyi gözlənilir. Amma bu faktın özünü doğrultmayacağı şəksizdir. Belə ki, hazırda bu ölkədə COVID-19-a yoluxma hallarında artım qeydə alınıb. Bu barədə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi Marqaret Harris Cenevrədə keçirdiyi brifinqdə bildirib. O, həmçinin qeyd edib ki, vəziyyətin qiymətləndirilməsi və tədbir görülməsi üçün məsuliyyət ev sahibi ölkənin üzərinə düşür, ÜST isə əsasən məsləhətçi rola malikdir.

Beləliklə, XXXIII Yay Olimpiya Oyunlarının   Makron hakimiyyətinin çox ciddi sınaqlar­la üz-üzə qoyacağını söyləmək olar. Bəzi məlumatlara görə, olimpiadadan sonra ölkədə siyasi qeyri-sabitliyin daha da gərginləşməsi gözlənilir. Bu isə o deməkdir ki, Fransanın tezliklə daxili siyasi-iqtisadi böhrana düçar olma ehtimalı kifayət qədər yüksəkdir. Bütün bunlar isə o deməkdir ki, 2024-cü il Fransa tarixinə əzm,  dirçəliş ili kimi deyil, Makronun siyasəti sayəsində Fransa tarixinin “qara səhifəsi” kimi düşəcək. Makron isə fransızların yaddaşında ölkədə dəfələrlə insan hüquqlarının kobud şəkildə pozan, iğtişaşlar zamanı aksiyaçıları öldürən, antisemitizmi geniş yayan, pensiya yaşı ilə yanaşı   vergiləri də artıran, Parisi həbs düşərgəsinə çevirən  "ən uğursuz prezidenti" kimi qalacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”