İran HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin qətlinə münasibətini yumşaltmaqdan imtina edib və İsrailə cavab vermək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Qeyd edilib ki, ABŞ və ərəb ölkələri İranı öz mövqeyini yumşaltmağa inandırmağa çalışıblar. Bununla belə, İran liderləri hərəkətləri müharibəyə səbəb olsa belə, qisas alacaqlarına and içiblər.
Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Con Fayner “CBS” telekanalının efirində bildirmişdi ki, ABŞ İsrail üçün təhlükə səviyyəsini yüksək hesab edir və yəhudi dövlətinə özünü müdafiə etməyə kömək etməyə hazırdır.
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi İsmayıl Haniyyənin Tehranda ölümündən və “Hizbullah” hərəkatının hərbi qanadının komandirlərindən biri Fuad Şükürün Beyrutda öldürülməsindən sonra başlayıb. HƏMAS və “Hizbullah” hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.
İsrail rəsmiləri Haniyənin ölümü ilə bağlı heç bir şərh verməsələr də Şükürün öldürülməsini 12 nəfərin öldürüldüyü Qolan təpələrindəki druzların Məcdəl Şəms kəndinin atəşə tutulmasına cavab adlandırılıb. “Hizbullah” bu hadisədə hər hansı əli olduğunu inkar edir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”