Yalçın Canhəsən oğlu Nəsirov Azərbaycan müstəqil olandan sonra Vətənin yaşaması, xalqının xoşbəxtliyi naminə canını fəda edərək adını tarixə yazıb. Arzusu Vətənini azad, bütöv və güclü görmək olan Yalçın Nəsirov 23 yanvar 1976-ci ildə Astara rayonu, Sərək kəndində dünyaya gəlib. Doğma kəndində ota təhsilini başa vurub,1994-cü ildə ordu sıralarına gedib. Tərtərdə Vətəninə ləyaqətlə xidmət edib. 1995-ci ilin 13-17mart günlərində Azərbaycanın müstəqilliyi təhlükə altında olanda özünü güllə qabağına verməklə ağır yaralanıb. Martın 24-də Yalçın aldığı yaradan Sabunçu rayon xəstəxanasında əbədiyyət dünyasına qovuşub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanına əsasən Yalçın Nəsirov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Astaradakı Sərək kənd orta məktəbi onun adını daşıyır. Oxuduğu sinifdə Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan bəhs edən guşə yaradılıb. Həmçinin rayonun “Qəhrəmanlar” parkında büstü qoyulub. Belə də astaralılar öz qəhrəman oğlunu heç vaxt unutmur, onu böyük iftixarla xatırlayır.
Bu günlərdə isə rayonun “Ümid” İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində baş tutan Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun xatirəsinə həsr olunmuş mini futbol üzrə Astara rayon açıq turnirinə yekun vurulub. 15 gün davam edən turnirdə 4 qrup üzrə 16 komanda, ümumilikdə, 192 idmançı qələbə uğrunda mübarizə aparıb.
Yekun nəticəyə əsasən I yerə Astaranın “Rüdəkənar” komandası turnirin birincisi olub. Lənkəranın ”Mamusta-2” komandası II yeri qazanıb. ”Mamusta-1” (Lənkəran) komandası isə III yeri tutub.
Turnirin açılış və təltif etmə mərasimlərində Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun qardaşları Afərin, Möhsün Nəsirovlar, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Turan Həsənzadə, "Ümid" İdman Kompleksinin direktoru Ümidvar Məmmədov iştirak ediblər.
I, II, III yerləri tutan komandalar, komanda üzvləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomlarla , eləcə də təşkilati işlərdə fərqlənən 5 nəfər diplomlarla, eləcə də “Ən yaxşı hücumçu”, “Ən yaxşı qapıçı” “Ümid” İdman Kompleksinin hədiyyələri ilə təltif olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü