12 sentyabr 2024 11:30
610

“SOCAR Enerji Məktəbi”ndə III MƏRHƏLƏ BAŞLAYIR

“SOCAR Türkiyə” Türkiyənin Sabancı Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “SOCAR Enerji Məktəbi”nin üçüncü mərhələsinə start verilir.  Enerji sahəsində ixtisaslaşmaq istəyən iştirakçıların proqrama müraciəti oktyabrın 12-də başa çatacaq. 

COP29-da daxil ediləcək mövzular qiymətləndiriləcək

Türkiyənin ən böyük xarici investoru və ən böyük inteqrasiya sənaye qrupu olan “SOCAR Türkiyə” tərəfindən Sabancı Universiteti ilə birgə 2022-ci ildə ilk dəfə təşkil edilən “SOCAR Enerji Məktəbi” üçüncü dəfə sertifikat proqramına başlayır. “SOCAR Enerji Məktəbi” sertifikat proqramında qlobal və regional enerji problemləri, Türkiyə və Azərbaycanın enerji strategiyaları, enerji sahəsində yeni tendensiyalar müzakirə olunacaq və noyabrda Azərbaycanda təşkil olunacaq BMT-nin İqlim Zirvəsi COP29-da daxil ediləcək mövzular qiymətləndiriləcək.

Proqramın məqsədi...

Proqramın məqsədi enerji sahəsində ixtisaslaşmaq istəyən dövlət və özəl sektor menecerlərini, alimləri, media üzvlərini, beynəlxalq siyasətçiləri və enerji ekspertlərini bir araya gətirməkdir. Enerjinin bütün sahələrində hərtərəfli və geniş perspektivə sahib olmaq, qlobal və regional enerji məsələlərini çoxşaxəli prizmadan qiymətləndirmək imkanı verən proqramda ekspert təlimatçılar və dünyada məşhur olan natiqlər enerjinin müxtəlif sahələrində öz bilik və təcrübələrini bölüşəcəklər.

2022-ci ildən indiyədək 1400-dən çox insanın müraciət etdiyi “SOCAR Enerji Məktəbi” sertifikat proqramına dəqiq qiymətləndirmələr nəticəsində ümumilikdə 130 iştirakçı qəbul olunub.

Ödənişsiz proqrama 65 iştirakçı qəbul ediləcək

Üçüncü dəfə ödənişsiz olaraq keçiriləcək “SOCAR Enerji Məktəbi” proqramına bu il 65 iştirakçı qəbul ediləcək. Proqram üçün müraciətlər 12 oktyabr 2024-cü il, şənbə gününə qədər www.socarenergyschool.com/en və www.socarenergyschool.com ünvanlarında edilə bilər. Müraciətlərin qiymətləndirilməsi və iştirakçıların seçilməsindən sonra təlim noyabrın 30-da başlayacaq və 10 fevral 2025-ci il tarixində başa çatacaq. Proqramın açılış mərasimi və ilk dərsi “SOCAR Türkiyə” nin Əliağadakı istehsalat müəssisələrində keçiriləcək. Enerji sahəsində dünya şöhrətli ekspertlərin, milli və beynəlxalq universitetlərin professor-müəllim heyətinin verdiyi təlimlər onlayn platformada izləniləcək.

Proqramı uğurla başa vuran iştirakçılar, həmçinin enerji sahəsində apardıqları araşdırmalarla “SOCAR Enerji Məktəbi”nin Tədqiqatlara Dəstək Proqramına müraciət edə biləcəklər. 

Üçüncü dəfə təşkil olunan “SOCAR Enerji Məktəbi” sertifikat proqramı da sosial tədbirlər və xüsusi layihələrlə zənginləşdirilərək iştirakçılara bu xüsusi şəbəkə vasitəsilə bir-biri ilə əlaqə saxlamağa və ünsiyyəti müxtəlif platformalara köçürməyə imkan verəcək.

Orxan Vahidoğlu, "İki sahil"