44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən azad edildi. Həmin yaşayış məntəqələrində Azərbaycan Bayrağı qaldırıldı və bunun nəticəsində noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 2023-cü il sentyabrında keçirilmiş birgünlük antiterror əməliyyatı isə Ermənistanın işğalçı ordusunun 15 minlik işğalçı korpusunu tamamilə iflic vəziyyətə saldı, çox dəqiq və peşəkarcasına aparılmış hərbi əməliyyat nəticəsində Ermənistan məcburən ikinci dəfə təslim oldu. Bu tarixi hadisədən bir neçə gün sonra xalqımıza, insanlığa qarşı cinayətlər törədən Xankəndidəki şeytan yuvasının bir qrup separatçısı yaxalandı və ədalət mühakiməsi qarşısına çıxarıldılar. Nəticədə Bakı Hərbi Məhkəməsinin hökmü ilə işğalçı rejimin sabiq rəhbəri Araik Arutyunyan, keçmiş xarici işlər naziri Davit Babayan, qondarma rejimin parlament sədri Davit İşxanyan, "müdafiə ordusu"nun komandanının müavini Davit Manukyan və "müdafiə ordusu"nun komandiri Levon Mnatsakanyan kimi separatçılar ömürlük azadlıqdan məhrum edildilər. Digər separatçı "liderlər" - qondarma rejimin sabiq qondarma “dövlət naziri”, Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə öz varidatını artıran Ruben Vardanyan, həmçinin Arkadi Qukasyan, Bako Sahakyan və digərləri müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzası aldılar. Halbuki soydaşlarımıza qarşı ən ağır cinayətləri törədən bu separatçılar cəzasız qalacaqlarını düşünürdülər. Dünyanın aparıcı dövlətləri də onların törətdikləri cinayətlərə göz yumurdular.
Yeri gəlmişkən, hələ müharibədən əvvəl Prezident İlham Əliyev Xocalı soyqırımını və digər ağır cinayətləri törədən şəxslərin mütləq şəkildə məsuliyyətə cəlb olunacağını, günahsız qurbanların qanının yerdə qalmayacağını dəfələrlə bəyan etmişdi. Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinin həmin separatçılarla bağlı sualını cavablandırarkən demişdi ki, onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi. Bununla da Prezident İlham Əliyev uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçılarına, həmçinin onları müdafiə edənlərə tutarlı mesaj göndərmişdi.
Prezident İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bir daha bu məsələyə toxunaraq separatçıların vaxtilə səsləndirdikləri təhdidləri xatırladıb. Bildirib ki, halbuki onlar Bakıya tanklarla gəlmək istəyirdilər, Bakıda çay içmək istəyirdilər:”Təkəbbürlü bəyanatlar verirdilər, çünki sığınmışdılar bəzilərinin qucağına və hesab edirdilər ki, əbədi işğalçılıq siyasətini aparacaqlar”.
Prezident, həmçinin vurğulayıb ki, biz Azərbaycan xalqının ləyaqətini, mətanətini, iradəsini göstərdik və bu gün onlar Azərbaycan həbsxanalarında çay içirlər, öz layiqli cəzalarını alıblar. Bəli, bizi tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər, onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Şübhəsiz, bu mənzərə təkcə hərbi Zəfərin deyil, həm də tarixi ədalətin təntənəsidir.
Təəssüf ki, dünyanın bir qrup ermənipərəst siyasətçiləri, ermənipərəst qüvvələr beynəlxalq səviyyədə mühakimə olunaraq cəzalandırılmış və layiq olduqları cəzanı almış separatçıları hələ də müdafiə etməkdə davam edirlər. Məsələn, bu günlərdə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsi sədrinin müavini, ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin həmin şəxsləri “dostlarım və tərəfdaşlarım” adlandırıb. Özünü demokratik dəyərlərin və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən şəxsin reallığı qəbul etmək əvəzinə, separatçı rejimin rəhbərlərini bu şəkildə müdafiə etməsi onun xəstə təxəyyülə malik olduğunu bir daha təsdiq edir.
Qvami Məhəbbətoğlu, “İki sahil”