12 sentyabr 2024 12:46
568

Şanlı Qələbələr ayı - Sentyabr

Xalqımızın tarixinə şanlı qələbələr ayı kimi düşən sentyabr həm Qarabağda azadlıq müharibəsinin başlanması, həm də ərazi bütövlüyümüzün bərpası kimi düşüb. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə 2020 və 2023-cü illərin sentyabrında tarix yazdı. 2023-cü il 19-20 sentyabr əməliyyatı erməni separatizminə Azərbaycan torpaqlarında birdəfəlik son qoydu. 2020-ci ildə olduğu kimi, bu əməliyyatı zəruri edən Ermənistanın məqsədli şəkildə həyata keçirdiyi təxribatçı hərəkətlər oldu. Bütün xəbərdarlıqlara rəğmən, qanunsuz xunta rejimini qoruyub saxlayan İrəvan onun maliyyələşdirmə prosesini həyata keçirirdi. Belə ki, bu məqsədlə hər il yüzmilyonlarla dollar vəsait qondarma rejimin büdcəsinə ötürülürdü. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sahəsini deyil, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Əlbəttə, bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd addımlar idi.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu.

Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.

Eyni zamanda, ərazilərimizdə həyata keçirilən ekoloji terror, sərvətlərin talan edilməsi antiterror əməliyyatı üçün mühüm əsaslar yaratdı. Belə ki,  Azərbaycanın Qarabağ ərazisindəki yeraltı sərvətlərinin xarici şirkətlərin əli ilə erməni separatçıları tərəfindən talanması ilə bağlı faktlar açıqlandı.

Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatına başlanıldı.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, tam şəkildə tərk-silah olunmalıdır.

Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu, özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi və Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs olundu və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Həbib Həbibov,

YAP fəalı, ehtiyatda olan polkovnik-leytenant