14 sentyabr 2024 00:10
265

Avroxuliqanlar nə vaxtadək xalqların əsəbləri ilə oynayacaqlar?

Özünü demokratiyanın və mədəniyyətin mərkəzi adlandıran bəzi Avropa ölkələrində və beynəlxalq təşkilatlarda “məsləklərinə müğayir” olan xalqlara qarşı məqsədyönlü aparılan əks-təbliğat və qarayaxma kampaniyaları göstərir ki, adları əməllərinə uyğun gəlmir. Onların  apardıqları işlərin hamısı müsəlman aləminə, İslam dininə və türkçülüyə qarşıdır. Müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılması məhz Avropada baş verir. Bu, əvəz çıxmaqdırsa onda desinlər, azərbaycanlılar hansı xalqın müqəddəs kitabını yandırıblar? Məhəmməd peyğəmbərin karikaturalarının çəkilməsi, türklərin vəhşi obrazının yaradılması qərbli "cənabların" iyrənc  simasının göstəricisidir. Həmin dairələr xüsusilə Türkiyənin və Azərbaycanın dünyada artan nüfuzunu və inkişafını həzm edə bilmirlər. Səlibçilərin kötücələri "islamofobiya" deyə bağıraraq xalqlar arasında dini ayrı-seçkiliyi körükləyir, düşmənçilik toxumları səpirlər. Ermənistanla otuz iki illik münaqişə zamanı bunu açıq gördük. Xristian dövlətləri Ermənistanın işğalçılığnı pisləmədi, ona təzyiq etmədi, təcavüzkara fasiləsiz olaraq maddi və mənəvi yardım etdilər. Əksinə, ərazisi işğal edilən, əhalisi soyqırımına məruz qoyulan,  bir milyon əhalisi qaçqın və məcburi köçkün düşən, şəhər və kəndləri dağıdılıb xarabazara çevrilən, sərvətləri qarət olunan Azərbaycana təzyiqlər hər vaxt oldu. Sanki işğalçı Ermənistan yox, Azərbaycan idi. O vaxtlar həmin "demokratik", "mədəni" Avropa cınqırını çıxarmamaqla işğalçılara əlavə dəstək vermiş oldu. Bu mövzuda kitablar yazmaq olar. Məsələ ondadır ki, həmin bədxah dairələr ölkəmizdən bu gün də əl çəkmirlər.

Bu baxımdan, Avropa İttifaqı (Aİ) Avropa Şurası Nazirlər Komitəsinin 11 sentyabr tarixli iclası zamanı İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitənin (İQAK) 3 iyul tarixli bəyanatına istinad edərək Azərbaycanla bağlı tənqidi çıxış etmək məsələsində lap şitini-şorunu çıxarıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İQAK-ın qərəzli bəyanatına dair təfərrüatlı şərh verib: “Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, qarşı tərəfi Avropa İttifaqının üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik. Aİ tərəfi Fransada “sarı gödəkçəlilər” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara qarşı hücum faktları hələ də araşdırılmayıb və Aİ tərəfi bu problemlərə adekvat münasibət bildirməyib. Həmçinin təəssüf hissi ilə qeyd edirik ki, Aİ-nin himayədarlıq etdiyi Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulmasına, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə Aİ-nin biganə qalması da ikili standartların bariz nümunəsidir. Qeyd edilənlər fonunda, Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Xüsusilə də, COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyası ölkəmizə qarşı qərəzin açıq-aşkar nümunəsidir”. XİN rəsmisi Ayxan Hacızadə bildirib ki, Azərbaycanda insanların bütün hüquqları qorunur, azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə edilməkdədir. Şərhdə o da vurğulanıb ki, Avropa İttifaqının bu barədə iddiaları tamamilə əsassızdır.

Bəli, iddiaları tamamilə əsassız və qərəzlidir. Ermənistanda antidemokratik proseslər baş alıb getdiyi halda həmin bu avropalı ağaları onları ört-basdır edir, bu barədə heç danışmırlar. Amma haradasa bir dılqır erməninin burnu qanasa vay-haray salırlar. Elə Avropa ölkələrinin özündə demokratiya ciddi surətdə pozulur. Fransada illərdir davam edən özbaşınalıqlar, əhalinin ayağa qalxaraq üsyan etməsi niyə qulaqardına vurulur? Halbuki həmin aksiyalar zamanı ölən və yarlananlar olub, şəhər təsərrüfatına ciddi ziyan dəyib. Bəs bunlar niyə qabardılmır? Ögeylik-doğmalıq etmək haqqını onlara kim verib? Nizamnamələrinin maddələrində haqqa-ədalətə xidmət edəcəklərini bildirən avroxuliqanlar nə vaxtadək xalqların əsəbləri ilə oynayacaqlar?

Təəccüblüdür, biz tənqid etməli ikən ədalətsizliyə rəvac verənlər bizi tənqid edirlər. Bu qədər həyasızlıq, şeytanla işbirliyi olarmı? Bizim ermənipərəst işğalçılara hamilik edənlərə sözümüz də, sualımız da çoxdur. Ancaq görəsən bunlar demokratiya adı altında cinayət və təhdidlərə nə vaxt son qoyacaqlar? Biz tələb edirik ki, avropalı araqatanlar səlibçi iddialarından əl çəkib sivil dünyada özlərini aparmağı öyrənsinlər. İndi orta əsrlər deyil. Yoxsa günahsız xalqların  qanlarının axıdılmasına şərait yaradıb yalançı Avropa demokratiyasından və mədəniyyətindən dəm vurmasınlar.

Onsuz da onlara inanan və etibar edən yoxdur. Çünki saxta davranışları ilə bu haqqı çoxdan itiriblər.

Vəli İlyasov, "İki sahil"