13 sentyabr 2024 19:31
182

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə məsələsində inklüzivliyi və əməkdaşlığı təşviq edir

Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyin təşkilatçılığı ilə Praqada ATƏT-in 31-ci İqtisadi və Ətraf Mühit Forumu çərçivəsində “COP29: ambisiyanın genişləndirilməsi və fəaliyyətin təşviq edilməsi vasitəsilə iqlim dəyişikliyi çağırışları ilə mübarizədə həmrəylik və birliyin təşviq edilməsi” adlı yan tədbir təşkil olunub.

“İki sahil” xəbər verir ki,  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin sədri, Avstriyanın ATƏT yanında daimi nümayəndəsi Florian Rauniqin moderatorluğu ilə keçirilmiş tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev də iştirak və çıxış edib.

Nazir müavini iqlim dəyişikliyinin qlobal mənfi təsirləri barədə söz açaraq cari ilin noyabrında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransına (COP29) ev sahibliyi edəcəyini bildirib, COP29-a hazırlıq çərçivəsində aparılan danışıqlar prosesinin hazırkı statusu, Azərbaycan tərəfindən irəli sürülmüş 14 təşəbbüs və onların təşviqi istiqamətində aparılan işlər, dövlətimizin enerji keçidi və iqlim siyasəti barədə məlumat verib.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə xüsusunda inklüzivlik və əməkdaşlığı təşviq etdiyini vurğulayan Y.Rəfiyev COP29 Sədrliyinin bir çox tərəfdaşlarla sıx təmasda olduğunu bildirib.

ATƏT nümayəndəsi B.Djusupov iqlim dəyişikliyi mövzusunun ATƏT-in diqqət mərkəzində olduğuna, bu istiqamətdə bir sıra öhdəliklərin mövcudluğuna istinad edərək təşkilat tərəfindən bu sahədə aparılan fəaliyyət barədə məlumat verib, ATƏT-in COP29-da iştirak planlarından danışıb.

Tədbir çərçivəsində ATƏT-in iştirakçı dövlətlərinin nümayəndələrinin fikirləri dinlənilib, sualları cavablandırılıb. İştirakçılar tərəfindən iqlim dəyişikliyi ilə mübarizədə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, etimadın qurulması və qlobal səylərin artırılmasına Azərbaycan sədrliyinin verdiyi töhfənin əhəmiyyəti vurğulanıb, bu fəaliyyətdə ölkəmizə uğurlar arzulanıb.

Qeyd olunmalıdır ki, İqtisadi və Ətraf Mühit Forumu ATƏT-in iqtisadi ölçüsünün illik əsasda keçirilən ən böyük tədbiridir. Forum təşkilatın iqtisadi və ətraf mühit istiqamətləri üzrə iştirakçı dövlətlərin öhdəliklərinin nəzərdən keçirilməsi və bu öhdəliklərin yerinə yetirilməsi istiqamətində aparılan fəaliyyətin müzakirəsi üçün platformadır.