16 sentyabr 2024 13:21
267

Tələbə arvadını və körpəsini öldürməyə görə tutulan şəxsə ömürlük cəza istənilib

Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“İki sahil” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda Dövlət ittihamçısı Samir Məmmədov çıxış edərək Fərid Hüseynlinin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.