17 sentyabr 2024 12:43
116

Azərbaycanda ilin sonunadək 3 mindən çox subyektdə rəqəmsal şəxsiyyət vəsiqəsi tətbiq ediləcək

Azərbaycanın özəl sektor və dövlət qurumları ilə rəqəmsal şəxsiyyət vəsiqəsinin tətbiqi istiqamətində ciddi işlər görülür və ilin sonunadək İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlıq etdiyi tərəflər çərçivəsində ən azı 3 mindən çox nöqtədə tam şəkildə buna nail olunacaq.

“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədrinin müavini Şahin Əliyev yenilənmiş "mygov" rəqəmsal hökumət platformasının təqdimat mərasimində deyib.

"Digər subyektlərdə də bunların tətbiqi mümkün olacaq. Vətəndaşlar da bu prosesdə aktiv iştirak etməlidirlər və istənilən yerlərdə rəqəmsal şəxsiyyət vəsiqəsinin qəbul olunmasını tələb etməlidirlər", - Ş. Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif yerlərdə vətəndaşın şəxsiyyət vəsiqəsinin sürətinin çıxarılaraq saxlanılması fərdi məlumatların mühafizəsi baxımından ciddi risklər yaradır: "Rəqəmsal şəxsiyyət vəsiqəsi ideyası elə məhz bu səbəblərdən irəli gəlib. Artıq rəqəmsal şəkildə vətəndaş şəxsiyyət vəsiqəsini "mygov" üzərindən təqdim edə bilər. Daha sonra təqdim etmək ilə bağlı tarixçə ilə tanış olur. Bu da ona fərdi məlumatlara daha yaxşı şəkildə nəzarət etməyə imkan verir. Gələcəkdə fərdi məlumatların mühafizəsinin təmin edilməsi də bu platforma vasitəsilə mümkün olacaq".