Fransanın Ermənistanın hərbi potensialını gücləndirməsi sülh və sabitliyə təhdiddir, Ermənistanın bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.
“İki sahil” xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O vurğulayıb ki, Fransanın hərəkətləri Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında münasibətlərin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşməsinə töhfə verir:
Fransanın 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra açıq-aşkar şəkildə anti-Azərbaycan mövqeyi tutması təəssüf doğurur. Bu ölkənin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında, Frankofoniya təşkilatında və digər beynəlxalq platformalarda Azərbaycana qarşı təşəbbüsləri bu ölkənin neytral vasitəçi olması iddialarının tamamilə əsassız olduğunu sübut edib".
A.Hacızadənin sözlərinə görə, Fransanın Azərbaycana qarşı ittihamlarına baxmayaraq, Azərbaycan Fransaya qarşı atdığı addımlar və rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub:
"Tərəfimizdən dəfələrlə bəyan olunduğu kimi, Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda da ölkəmizə və digər qonşularına qarşı ərazi iddialarını davam etdirən Ermənistanın hərbi potensialının gücləndirilməsi sülh və sabitliyə təhdiddir və Ermənistanın bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar".
XİN sözçüsü bildirib ki, Azərbaycana qarşı qarayaxma kampaniyasına baxmayaraq, dialoq kanalları həmişə açıq saxlanılıb:
"Biz Fransa tərəfinin Azərbaycana qarşı hərəkətlərindən əl çəkəcəyini, bizə qarşı olan və regional sabitliyi pozan siyasətinə son qoyacağını gözləyirik".