18 sentyabr 2024 08:21
135

Yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr

Dövlətimizin başçısı İlham Əliyev keçilən yolun təhlili əsasında  qeyd edir ki, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən  bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik

«Neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir.» Dövlət başçısı İlham Əliyev bu fikirləri Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı  səsləndirilən qərəzli fikirlərə münasibətində ifadə edir. Reallıq budur ki, Azərbaycan  bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəldib,  inklüziv cəmiyyət qurub,  yoxsulluq səviyyəsini  50 faizdən 5 faizə endirib.  Cənab İlham Əliyev bu çağırışı edir ki, ölkəmizə  qiymət verilən zaman bütün bu amillər nəzərə alınmalıdır. Bununla yanaşı, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən  bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik.

Bu reallığı da xüsusi vurğulamaq lazımdır ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Azərbaycanın sözü imzası  qədər dəyərlidir.  Ölkəmiz bu etibarı onilliklər ərzində qazanıb. Bunun nəticəsidir ki, Azərbaycan  bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahididir.

Keçilən yola nəzər salaq. Zəngin enerji resurslarına malik olan ölkəmiz 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə  iqtisadi və siyasi mövqeyini möhkəmləndirmək imkanı qazandı. Ölkəmizin bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə bunu aydın şəkildə görürük. Baxmayaraq ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub, müstəqilliyimizin bərpasının ilk illərində ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin və normal biznes mühitinin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasında stimulverici amil oldu. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Məhz o illərdə yaradılan möhkəm təməlin nəticəsində bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan investisiya cəlbediciliyini qoruyan ölkədir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardan çoxdur ki, bunun da 200 milyard dolları  qeyri-neft sektorunun payına düşür.

Bu gün dünyanın diqqətini Azərbaycana yönəldən COP29 bütün məqamlara işıq salır. Dövlət başçısı İlham Əliyev «Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir» söyləyərək  onu da qeyd edir ki,  Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar”  bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında  230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu.  Bu ilin iyun ayında   ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimi keçirildi.  Bu, yalnız başlanğıcdır.  Çünki  orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz bəllidir.

Dövlətimizin başçısı İlham Əliyev bu il Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində «Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir» söyləyərək təməli qoyulan  Günəş və külək enerji stansiyalarının həm Azərbaycan, həm də tərəfdaş ölkələr üçün əhəmiyyətini açıqladı.

Cənab İlham Əliyev hər bir çıxışında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının, həmçinin «Əsrin müqaviləsi»nin imzalanmasından öncə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin əhəmiyyətinə diqqət yönəldir. Təbii ki, bu gün Azərbaycanın nəinki ənənəvi, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkə olmasını şərtləndirən əsas amil məhz ölkəmizin malik olduğu təbii resursların səmərəli istifadəsinə geniş imkanlar açan «Əsrin müqaviləsi» və onun davamı olaraq 2017-ci ildə imzalanan «Yeni əsrin müqaviləsi»dir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, «Əsrin müqaviləsi» iqtisadiyyatımıza sanki bir nəfəs verdi. İqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsaq, onun enerji siyasətimizlə koordinasiyasını görərik. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı.

Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edildi.  COP29-a ev sahibliyi edən ölkə kimi  əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Azərbaycanın  COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi ölkəmizin beynəlxalq nüfuzunun, enerji diplomatiyasının  uğurlarının təqdimatıdır.  Bu baxımdan qeyd edilir ki, bərpaolunan enerji növləri ilə bağlı hədəflərimiz aydındır. Dövlət başçısı İlham Əliyevin əminliklə vurğuladığı kimi,  çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir. Amma bu qədər imkanımız hələ  yoxdur.  Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib. «Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri  tərəfdaşlarımızla həll etməliyik.

Hər zaman bu reallıq önə çəkilir ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq. Yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlayıb. Azərbaycan  xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb. 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək,  qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmlərə gəldikdə isə Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq.

Rəqəmlər də təsdiqləyir ki, Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir. Azərbaycan tarixən neft ölkəsi kimi tanınmasına baxmayaraq bu gün qaz və elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir.  2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi də Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrə işıq salır.  Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş Milli Prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Bu reallıq da inkaredilməzdir ki, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan  Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də  potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq.  O da bildirilir ki,  Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir.

Azərbaycan hər bir çağırışı yüksək səviyyədə cavablandırmağa səy göstərir. Ölkəmiz  qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan biri kimi xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsində davamlı layihələr həyata keçirir, regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyir. İqlim dəyişmələri ilə mübarizəyə verilən  töhfələrin, yaşıl enerjiyə keçid üzrə işlərin və Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibi seçilməsi oldu. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək. Dövlət başçısı İlham Əliyev bu mötəbər tədbirlə bağlı onu da qeyd edir ki,  maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq.  COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.

Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinkenin dövlət başçısı  İlham Əliyevə telefon zəngində də  söhbət zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub. Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu qeyd edib.

COP29 Azərbaycanın artan nüfuzuna yeni əlavələrlə diqqətdə olacaq. Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə  hər bir səfərində, iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə, həmçinin bu və ya digər ölkənin dövlət başçısının Azərbaycana səfərlərində keçirilən görüşlərinə, çıxışlarına diqqət yetirsək COP29-un əsas müzakirə mövzusu olmaqla yanaşı, bu tədbirdə iştirak üçün dəvətlərin çoxluğunu görərik.  Bu, Azərbaycanın qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə, əməkdaşlığa verdiyi önəmdən, hər bir qlobal məsələnin həllində səylərin birləşdirilməsinə etdiyi çağırışlardan irəli gəlir. Məhz bugünkü inkişafımızın əsasında dayanan «Əsrin müqaviləsi» də Azərbaycanın bu istəyinin nəticəsi  kimi dəyərləndirilməlidir. Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə istinadən bu çağırışı etmişdir ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Regional çərçivədə başlanan əməkdaşlıq getdikcə geniş miqyas alır. Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi, onun  əsas seqmentləri olan TANAP-ın və TAP-ın genişləndirilməsinin əsas hədəf kimi qarşıya qoulması da bunun təsdiqidir.  Yaşıl keçid bu əməkdaşlığın coğrafiyasının daha da  genişləndirilməsinə böyük töhfələr verəcək. Hər bir hədəfə zamanında nail olan Azərbaycan yeni hədəflərə doğru inamla addımlamaqla malik olduğu imkanları təqdim edir. Dövlət başçısı İlham Əliyev yeni dövrə qədəm qoyan Azərbaycanın hədəfləri sırasında bu çağırışı etdi: «Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar.»

Yeganə Əliyeva, «İki sahil»