18 sentyabr 2024 08:04
106

Vinçenzo Aquaro Azərbaycanda rəqəmsal inkişaf baxımından güclü irəliləyişin olduğunu bildirib

“Azərbaycan Mərkəzi Asiyada regionun göstəricilərini yüksəldən ölkələr qrupuna daxildir”.

“İki sahil” xəbər verir ki, bu sözləri BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi (EGDI) üzrə mətbuat konfransı zamanı təşkilatın İqtisadi və Sosial Əlaqələr Departamentinin Rəqəmsal Hökumət bölməsinin rəhbəri Vinçenzo Aquaro deyib. O, dəqiq göstəricilərin hesabatda ətraflı qeyd olunduğunu əlavə edərək, Azərbaycanda rəqəmsal inkişaf baxımından güclü irəliləyişin olduğunu bildirib. “Həqiqətən də Azərbaycan regionun ümumi göstəricilərinin yaxşılaşdırılması, o cümlədən milli inkişaf baxımından çox böyük töhfə verən ölkələrdən biridir. Azərbaycan bu sahədə mükəmməl iş görən ölkələrdəndir”,- deyə Vinçenzo Aquaro vurğulayıb.

Qeyd edək ki, sentyabrın 17-də BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi üzrə mətbuat konfransı keçirilib. Beynəlxalq hesabatda Azərbaycan 2022-ci illə müqayisədə bu il 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib. Reytinqin yekun göstəricisində Azərbaycan 1 ballıq şkala üzrə 0.7607 bal toplayaraq tarixi göstəriciyə nail olub. Bununla da Azərbaycan ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən “Very High EGDI” göstəricilərinə malik olan ölkələrin sırasına daxil olub.