İkinci Qarabağ müharibəsindəki böyük Zəfərimizlə dünya hərb tarixinə şərəfli imzamızı atmışıq
Bu gün Azərbaycan Ordusunun gücü və peşəkarlığı onun beynəlxalq reytinqlərdəki mövqeyində də öz əksini tapır. Hərbi sahədə ixtisaslaşmış, dünyanın ən nüfuzlu hərbi analitik mərkəzlərindən sayılan «Global Firepower» portalının 2023-cü il üçün reytinq siyahısına əsasən, Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sırada, Cənubi Qafqazda isə birinci yerdədir. Belə ki, Gürcüstan reytinqdə 85-ci, Ermənistan isə 94-cüdür. Siyahının tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər nəzərə alınır. Hazırda Azərbaycanın hərbi büdcəsi MDB məkanında bir çox ölkələri xeyli üstələyir. Belə ki, Azərbaycanın 2024-cü il dövlət büdcəsində Silahlı Qüvvələrimizə ayrılan vəsait 6 milyard manatdan çoxdur.
Təbii ki, Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsinin artırılmasında qardaş Türkiyənin özünəməxsus rolu var. Bu gün Azərbaycan Ordusunun maddi-texniki bazasının formalaşdırılmasında Türkiyə müdafiə sənayesinin imkanlarından geniş istifadə edilir. Dünyanın ən güclü orduları sırasında 10-cu, NATO-da isə 2-ci olan Türkiyə Silahlı Qüvvələri ilə birgə çoxsaylı hərbi təlimlər keçirilir, təcrübə mübadiləsi aparılır. Tək bir faktı qeyd etmək kifayətdir ki, iki qardaş ölkənin ordularının iştirakı ilə xeyli hərbi təlim keçirilib. Hazırda Azərbaycan Silahlı Qüvvələri Türkiyə Ordusunun təcrübəsi və modeli əsasında yenidən qurulur. Yeni komando birlikləri yaradılır, xüsusi təyinatlı birləşmələrin sayı artırılır, institusional və struktur islahatları dərinləşdirilir. Dünyanın ən müasir hərb sənayesinə malik olan strateji müttəfiqimiz İsraillə müdafiə sahəsində əlaqələr daha da dərinləşdirilir, ordumuzun ehtiyacı olan və müasir çağırışlara cavab verən ən müasir hərbi texnikaların alışı həyata keçirilir. Vətən müharibəsində mənəvi və siyasi dəstəyini əsirgəməyən müsəlman dünyasında yeganə nüvə dövləti adını qazanmış Pakistanla da hərbi-texniki əməkdaşlıq imkanları genişləndirilir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin də 2023-cü ildə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, biz ordu quruculuğu işində sistemli fəaliyyət göstərirdik və bu gün də göstəririk: «İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. Bu gün də belədir. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir».
Bəli, hər bir müstəqil dövlətin əsas dayağı güclü ordusu, Silahlı Qüvvələridir. Bu gün Azərbaycan sərhədləri etibarlı əllərdədir, dövlətimizə qarşı yarana biləcək istənilən təhdidə layiqli cavab verməyə qadir güclü ordumuz var. Ən əsası isə cəmiyyətimizdə hökm sürən xalq-lider-ordu birliyi sarsılmazdır. Bu birlik Azərbaycan əsgərinin ən böyük inamı və dayağıdır.
Azərbaycan Ordusu gücünü və qüdrətini təkcə silahlanmada deyil, həm taktiki döyüş meydalarında göstərdi. Yəni, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz bir daha sübut etdi ki, Azərbaycan regionda ən güclü orduya malikdir. 44 gündə işğal altındakı 8 rayonumuzu, bir qala şəhərimizi azad etdik. Bu, hər beş günə bir rayonun azad edilməsi demək idi. Postmüharibə dövründə Azərbaycan Ordusu daha da təkmilləşərək öz döyüş qabiliyyətini xeyli artırdı. Məhz bunun nəticəsidir ki, ordumuz Qarabağdakı separatçı- terrorçu xuntaya və onun hər növ silah və sursatla təmin edilmiş silahlılarına qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirlərini qısa müddətdə, uğurla başa çatdırdı. Xunta ağ bayraq qaldıraraq təslim olduğunu elan etdi. Beləliklə, 23 saat 42 dəqiqəyə minlərlə kvadratkilometr ərazi də işğalçılardan təmizləndi.
Tanınmış rusiyalı hərbi ekspert, «Milli Müdafiə» jurnalının baş redaktoru İqor Korotcenko ordumuz haqqında demişdir: « «Əminliklə söyləyə bilərəm ki, döyüş əməliyyatları zamanı müasir silahlardan - pilotsuz təyyarələrdən, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhv etmə vasitələrindən bu miqyasda istifadə olunması dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilirdi. Bir ordunun başqa bir ordu ilə döyüşdə bu qədər yüksək dəqiqlikli silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilkdir. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə etməyib. Bu gür qarşıdurmalarda PUA-lar mübahisəsiz-filansız öz üstünlüyünü sübut etdi. Bura Azərbaycan Ordusunun düşmənin hava hücumundan müdafiə qüvvələrini və vasitələrini ləğv etmək, ardınca onun zirehli maşınlarını, yüksək səviyyədə qorunan hədəflərini və canlı qüvvəni sıradan çıxarmaq üçün pilotsuz təyyarələrdən kütləvi istifadəsinə yönəlik taktikası da əlavə edilməlidir».
Bəli, məhz ordumuzun PUA-lardan və SİHA-lardan yüksək dəqiqliklə istifadə etməsi hərbçilərimizin itkisini minimuma endirib. Eyni zamanda, Azərbaycan Ordusu bu döyüşlərdə hərbçi şərəfini üstün tutaraq Qarabağda ancaq hərbi obyektləri vurmaqla mülki şəxslərin həyatını qorudu. Azərbaycanın Qarabağdakı uğuru Böyük Britaniyaya ordunun inkişafı üçün nəyə yatırım etmək lazım olduğunu göstərdi. Bu barədə isə «UK Defense Journal» agentliyinin dərc etdiyi məqalədə deyilir. Məqalədə qeyd olunur ki, Azərbaycan Qarabağdakı müharibədə erməni qoşunları üzərində heyrətamiz qələbə qazandı, onun hərbi strategiyası isə çətin keçilən dağlıq ərazidə çox səmərəli oldu: «Azərbaycan ordusu çox peşəkar ordudur və işğal olunmuş ərazilərin, o cümlədən strateji vacib Şuşa şəhərinin azad edilməsində aparıcı rol oynayıb. Amma ən güclü amil Azərbaycanın texnoloji gücü olub». Məqalədə vurğulanır ki, son məlumatlara əsasən, Böyük Britaniyan Müdafiə Nazirliyi Azərbaycanın TB2 pilotsuz uçuş aparatlarını uğurla istifadə etməsindən sonra PUA proqramını genişləndirmək niyyətindədir.
Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq səviyyədə etiraf edilir. Belə ki, aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bu, son on illiklərin ən mükəmməl döyüş taktikası idi. Həmin müharibədə istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik kimi dəyərləndirilir və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Xüsusilə ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Bu, bir reallıqdır ki, postmüharibə dövründə də ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, onun müasir silah, hərbi texnika ilə təchizatı və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində üstünlüyünün qorunub saxlanmasını təmin edir. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuata müsahibələrində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki, müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstərişlər verib. Müzəffər Ali Baş Komandan İlham Əliyev modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb.
Hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərciklər salınır. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.
Ali Baş Komandanımızın tapşırıqlarından biri də Komando hərbi hissələrinin təşkil edilməsi idi. Artıq bu tapşırıq da uğurla icra olunmaqla işğaldan azad edilmiş Xocavənd və Kəlbəcər rayonlarında Komando briqadaları yaradılıb. Komando briqadalarının yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya- kommunikasiya məkanında qalmaqla döyüş əməliyyatlarını aparmağa qadirdilər. Məhz bu qüdrətinə görə də yeni yaradılan Komando hərbi hissələri ermənilərin qorxulu röyasına çevrilib.
Elçin Zaman, «İki sahil»