19 sentyabr 2024 11:49
94

Səfir: Ukrayna kibertəhlükəsizliklə bağlı yeni infrastruktur yaradıb

Ukrayna kibertəhlükəsizlik sahəsi ilə bağlı yeni infrastruktur yaradıb.

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Bakıda ''Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik'' mövzusunda keçirilən ''Beynəlxalq Kibertəhlükəsizlik Günləri'' (ICSD-2024) konfransında bildirib.

Səfir qeyd edib ki, Ukraynada texnologiya sahəsində təxminən 5 000 şirkət fəaliyyət göstərir, 300 mindən çox İT mütəxəssisi çalışır: "Onlar əsasən biznes, proqram təminatı, marketinq texnologiyaları, media, fintex, sığorta və səhiyyə texnologiyaları, sağlamlıq, elektron ticarət, pərakəndə satış və əlbəttə ki, kibertəhlükəsizlik kimi sahələrdə fəaliyyət göstərirlər. Rusiya Ukraynada tammiqyaslı müharibəyə başlamamışdan qabaq bu sahədə illik artım tempi 20-30 % idi. Lakin Ukrayna ərazilərinin işğalı və qlobal iqtisadi tənəzzül kimi amillər bu sahədə geriləməyə səbəb olub".

Onun sözlərinə görə, ölkəsi kibertəhlükəsiz sahəsi ilə bağlı yeni infrastruktur yaradıb: "Bu infrastruktur təhlükəsizlik sahəsinin və müdafiə sektorunun bir hissəsidir. Çünki hibrid müharibə zamanı kibertəhlükəsizlik milli təhlükəsizliyin bir hissəsidir. Buna görə də İT sektoru, infrastrukturu və bu sahənin inkişafı, təkmilləşdirilməsi ölkəmiz üçün əsas prioritetlərdən biridir".