20 sentyabr 2024 00:00
157

"Əsrin müqaviləsi"-30: Azərbaycanda Neftçilər Günü qeyd olunur

Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıldı

Dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları əsasında böyük inamla qeyd edir ki, bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, nəhəng layihələri tərəfdaşlarımızla birlikdə həyata keçiririk və Avropanın enerji xəritəsini yenidən tərtib edirik

Azərbaycanın müstəqil dövlət kimi özünün yeraltı və yerüstü sərvətlərinin sahibi olduğunu bütün dünyaya bəyan etməsinə geniş imkanlar yaradan “Əsrin müqaviləsi”nin imzalanmasının 30 ili tamam olur. 33 illik müstəqillik tariximizi vərəqlədikdə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xidmətləri sırasında iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərək, malik olduğumuz təbii resurslardan səmərli istifadə etmək məqsədilə müəllifi olduğu neft strategiyası önə çəkilir, onun uğurları qeyd edilir. “Əsrin müqaviləsi”ndən öncə Beynəlxalq Neft və Qaz Sərgi-Konfransının keçirilməsinin malik olduğumuz iqtisadi imkanların təqdimatında əhəmiyyəti rolu daim önə çəkilir. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanmış bu nəhəng neft sazişi regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Bu sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. İmzalanma mərasimində Ümummilli Lider Heydər Əliyev bu mühüm hadisəni belə dəyərləndirmişdir: «Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.» «Əsrin müqaviləsi»nin imzalanmasından ötən 30 ilin Azərbaycanın həyatında hansı mühüm hadisələrlə qaldığını keçilən yolun qısa təhlilində görə bilərik. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır.

«Əsrin müqaviləsi» mahiyyətçə iqtisadi xarakter daşısa da, onun siyasi əhəmiyyətinin daha önəmli olması ilk gündən diqqəti cəlb etdi. Azərbaycana inam artdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqla olan dövlətlərin coğrafiyası genişləndi. Azərbaycan yeni-yeni dostlar, tərəfdaşlar qazandı. Beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi. Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarında xüsusi yer tutan bu fikir reallıqlarımızın təsdiqidir: «Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür.» Məhz Azərbaycana inamın artması fonunda sonrakı sazişlərə geniş yol açıldı. Qeyd etdiyimiz kimi, ölkəmizə sürətli investisiya axını baş verdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollara yaxındır. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycanın qapıları ölkəmizə xoş niyyətlə ayaq basan bütün iş adamlarının üzünə açıqdır. Xarici investorlar qoyacaqları sərmayənin təhlükəsiliyinə tam əmin ola bilərlər. Təbii ki, bu inam və qətiyyət dövlətimizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasətinə əsaslanırdı. Son 21 ilə yaxın dövrdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, təkmil islahatların nəticəsində biznes mühitinin daha da yaxşılaşdırılması qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft stregiyasının əsas tərkib hissələri olan BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsini bugünkü uğurlar üçün pəncərə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqımıza təbrikində bu reallığı bir daha diqqətə çatıdırmışdır ki, «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin deyildi. Bu baxımdan hər bir layihənin uğurlu sonluqla başa çatması Azərbaycana böyük dividend qazandırır, dünyaya açılan pəncərə kimi mövqeyinə yeni-yeni əlavələr gətirir. Artıq bu gün Cənub Qaz Dəhlizinin əhəmiyyətindən və onun əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın genişləndirilməsindən bəhs edilir.

Bir mühüm məqamı da xüsusi qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Onun ən yaxın silahdaşı, məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti olan İlham Əliyevin xidmətləri böyük idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.

“Əsrin müqaviləsi” imzalanarkən bəziləri bunun uğuruna inanmırdı. Hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və coğrafi­-siyasi məsələlər öz həllini tapmalı idi. Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış neft strategiyası və diplomatiyası qarşıda dayanan bütün məsələlərin uğurlu icrasına geniş imkan yaratdı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. O da məlumdur ki, “Əsrin müqaviləsi” imzalanan zaman Ulu Öndər Azərbaycanın gələcəkdə daha geniş imkanlara malik neft ixracı marşrutu kimi məhz Bakı–Tbilisi-Ceyhan variantına üstünlük verdiyini bəyan etmişdi. Qeyd edilən marşurtla bağlı nə qədər təkliflər və təzyiqlər edilsə də Azərbaycan yenə də siyasətində müstəqil olduğunu nümayiş etdirdi. Belə ki, Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində bütün bu maneələr dəf olundu, BTC marşurutu seçildi. 2002-ci il sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə həmin kəmərin təməli qoyuldu. 2006-cı ilin iyulun 13-də isə kəmərin təntənəli açılış mərasimi keçirildi. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verməyə başlaydı. Azərbaycan neftinin Ceyhan terminalına məhz 28 May- Respublika Günündə (hazırda Müstəqillik Günü) çatması da özündə bütün məqamları ehtiva edir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının böyük rolu vardır. “Üç dəniz əfsanəsi” adlandırılan və strateji əhəmiyyəti ilə seçilən layihənin əfsanədən gerçəkliyə çevrilməsi ötən qısa zamanda Azərbaycana çox böyük siyasi və iqtisadi qazanclar gətirib. İllər geçdikcə əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən beynəlxalq səviyyəyə çıxması Azərbaycanın etibarlı tərədaş kimi mövqeyinin möhkəmləndirməsinin göstəricisidir.

Enerji diplomatiyamızın uğurlarından bəhs edərkən 2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni Sazişin imzalanmasını xüsusi qeyd etməliyik. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlandı. «Yeni əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsası qoyuldu. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir. «Əsrin müqaviləsi»ndən ötən dövrün reallıqlarını “Biz əgər tarixə baxsaq görərik ki, məhz o vaxtdan bu günə qədər Azərbaycan inamla inkişaf edir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir və ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən neft-qaz sektorumuz da inkişaf edir” fikirləri ilə ifadə edən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, “Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 2017-ci ildə, «Əsrin müqaviləsi»nin imzalanmasından 23 il sonra sazişin müddəti 2050-ci ilə qədər uzadıldı: “Yəni, bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlamışdır.» Həmin çıxışında dövlətimizin başçısı İlham Əliyev bu məqamı da böyük qürur hissi ilə qeyd etmişdir ki, “Əsrin kontraktı” Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür: «Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.»

«Yeni əsrin müqaviləsi»ndən öncə 2014-cü il sentyabrın 20-də Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə Cənub Qaz Dəhlizi layihəsinin təməlqoyma mərasimi keçirildi. Həmin mərasimdəki çıxışında «Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan bu Mərkəzdə Prezident Heydər Əliyevin fəaliyyətini bir daha yüksək qiymətləndiririk. Məhz onun uzaqgörənliyi, cəsarəti, müdrikliyi sayəsində “Əsrin kontraktı” imzalanmışdır. Beləliklə, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranmışdır. Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlanmışdır» söyləyən dövlətimizin başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, enerji təhlükəsizliyi marşrutlarının şaxələndirilməsi, hasilatçı, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyəti uğur gətirəcək. Çünki bu işlərdə çox ciddi əlaqələndirmə aparılmalıdır: «Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır.»

Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi ilə neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Birgə səylər nəticəsində gündəmə gətirilən layihələr uğurlu sonluqla başa çatır. Bunun aydın ifadəsini Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə veriməsində gördük. Belə ki, Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimindən 4 il sonra 2018-ci ilin may ayında rəsmi açılış mərasimi keçirildi. Həmin ilin iyun ayında layihənin əsas tərkib hissələrindən olan TANAP istifadəyə verildi. Ondan sonrakı dövrün reallıqlarına diqqət yetirsək bu məqamı xüsusi qeyd etməliyik ki, 2019-cu ilin sonlarından başlayaraq dünyanın, o cümlədən Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə aparmasına, həmçinin 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlamasına baxmayaraq Azərbaycan bütün sahələrdə, o cümlədən enerji sektorunda addımlarının davamlılığını təmin etdi və Cənub Qaz Dəhlizi layihəsinin son tərkib hissəsi olan TAP nəzərdə tutulduğu vaxtda, 2020-ci ilin sonlarında istifadəyə verildi. Bununla da Azərbaycan qazı Avropaya çatdırıldı. Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrildi. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşuldu.

Azərbaycanın enerji sektorunda qazandığı uğurlarından bəhs edərkən 2022-ci il iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasını qeyd etməliyik. Memorandumda nəzərdə tutulan əsas əməkdaşlıq istiqamətlərindən biri də ölkəmizdən Avropaya nəql edilən təbii qaz həcmlərinin 2 dəfə artırılmasıdır. 2023-cü il aprelində Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə SOCAR arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalandı. “Həmrəylik həlqəsi” adlanan bu təşəbbüs Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş qaz ötürücü sistemləri şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlığın inkişafı baxımından yeni imkanlar açır.

Təbii ki, «Əsrin müqaviləsi»nin yol açdığı layihələr qeyd etdiklərimizlə tamamlanmır. Onların miqyası genişdir. Bu sırada ötən ilin sentyabrında Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimini qeyd edə bilərik. 2024-cü ildə istismara verilməsi nəzərdə tutulan bu kəmər Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə töhfə verəcək.

Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır. Reallığa çevrilən hər bir layihə ölkəmizin bu mövqeyini daha da möhkəmləndirir. “Əsrin müqaviləsi” Azərbaycana nə verdi” sualına cavab təbii ki, bugünkü reallıqlarımızdır. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirmişdir: “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.»

Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələnin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.

Son illərin uğurları sırasında 2017-ci ilin noyabrında iki milyardıncı ton neftin hasil edilməsini xüsusi qeyd etməliyik. Cənab İlham Əliyev bu münasibətlə keçirilən təntənəli mərasimdə bildirmişdir: «Neftin vətəni Azərbaycandır, neft sənayesi, bax, buradan başlanmışdır. Bu gün-artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir. Bu gün bizim neftimiz xalqımıza məxsusdur.» 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynayır.

Qısa təhlil fonunda bu fikri böyük inamla qeyd edirik ki, Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur, onların icrasında dövlət büdcəsinə milyardlarla vəsait daxil olur ki, bu da öz növbəsində əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəldilir. Avropa İttifaqına daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycanın regionda və beynəlxalq aləmdə yerinə və roluna xüsusi diqqət yetirilir. Ölkə Prezidenti İlham Əliyevin, eyni zamanda, digər Avropa ölkələrinin rəsmilərinin Azərbaycana səfərləri, bu səfərlər çərçivəsində imzalanan sənədlər Azərbaycanın Avropa üçün önəmini, etibarlı tərəfdaş rolunu bir daha ortaya qoyur. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlığın prioritetləri» sənədində də bu kimi məqamlar öz əksini tapmışdır. Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd edir ki, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib.

Bu reallığı da xüsusi qeyd etməliyik ki, neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələri ilə diqqət çəkən, beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adı nüfuzlu xarici şirkətlər sırasında çəkilir. Dövlətimiz Azərbaycan neftcilərinin əməyini daim yüksək dəyərləndirir, peşə bayramları ərəfəsində edilən dövlət təltifləri də bunun bariz nümunəsidir. Qeyd etdiyimiz kimi, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyası nəticəsində Azərbaycan böyük yüksəliş yoluna qədəm qoydu və ötən 30 ildə ölkənin siması dəyişdirildi, iqtisadiyyatı şaxələndirildi, neftdən gələn gəlirlər insan kapitalına çevrildi, SOCAR-ın imkanları genişləndi. SOCAR artıq dünyanın neft-qaz bazarına inamla daxil olub. Şirkət bu gün böyük investisiya layihələri həyata keçirir. Qazanılmış nailiyyətlər də təsdiq edir ki, bu inkişaf davamlı olacaq, neftçilərimiz Azərbaycanın davamlı uğurlavrında əhəmiyyətli rol oynayan layihələrin uğurlu icrasına öz töhfələrini verəcəklər.

Göründüyü kimi, Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə yeni dostlar və tərəfdaşlar qazanır, birgə qəbul edilən qərarlar, göstərilən səylər nəticəsində hər bir layihəni uğurla başa çatdırır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana qarşıdakı illərdə daha möhtəşəm uğurlar qazandıracaq. Təhlillər bu reallığı ortaya qoyur ki, dövlətimizin enerji siyasəti əməkdaşlığa və milli maraqlarımıza əsaslanır. Cənab İlham Əliyev bildirir: «Biz yalnız görülmüş işləri nəzərdən keçirmirik. Ən əsası odur ki, gələcəklə bağlı planlar qurur və səylərimizi əlaqələndiririk. Əlaqələndirmə olmazsa biz uğur əldə edə bilmərik.» Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan, eyni zamanda, iqtisadi qüdrətini, maliyyə imkanlarını artırmaqla dünya miqyasında aparıcı mövqeyini möhkəmləndirir. Dövlətimizin başçısı bu inamı da ifadə edir ki, gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq.

Hazırkı dövrdə təmiz ətraf mühit və “yaşıl enerji” növlərinin yaradılması Azərbaycanda prioritet kimi müəyyən edilib. Ölkədə ekoloji tarazlığın qorunması və bərpaolunan enerji istehsalı siyasətlərinin strateji əsasını Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təşkil edir. Həmin 5 Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmə istiqamətində qarşıya mühüm vəzifələr qoyuldu. Bu reallıq beynəlxalq səviyyədə təsdiqlənir ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Son tədqiqatlara görə, bərpaolunan enerji potensialı 27 000 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, Günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Onu da qeyd edək ki, qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi çıxış edir. Ölkəmiz qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə töhfə olaraq 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 faiz azaldılmasını hədəf kimi müəyyən edib.

Bunun üçün bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və reallaşdırılması üzrə bir sıra işlər həyata keçirilir. Belə ki, “Masdar”, “ACWA Power”, bp, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy”, “A-Z Czech Engineering” və “Baltech” şirkətləri ilə müvafiq əməkdaşlıq sənədləri imzalanıb. 2022-ci ildə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. 2023-cü ildə 230 MVt gücündəki “Qaradağ” Günəş Elektrik Stansiyasının açılış mərasimi oldu. 2022-ci ildə. Həmçinin Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Bu ilin martında isə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirildi.

Azərbaycanın beynəlxalq nüfuzu, həmçinin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə beynəlxalq həmrəyliyə töhfələri 2023-cü ilin dekabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un cari ilin noyabrında ölkəmizdə keçirilməsinə dair qərarın qəbul edilməsini şərtləndirdi. COP29 Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq salmaqla yanaşı, ölkəmizə beynəlxalq baxışın daha da möhkəmləndirilməsində öz sözünü deyəcək. Hər bir beynəlxalq tədbirlərə ev sahibliyini yüksək səviyyədə həyata keçirən Azərbaycanın bu mötəbər tədbiri də yüksək təşkil edəcəyinə beynəlxalq səviyyədə əminlik ifadə edilir. Bu, Azərbaycanın hər bir sahədə nümunəvi ölkə olmasından, daim irəli baxaraq dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsindən irəli gəlir.

«Əsrin müqaviləsi» ilə başlanan uğurlu inkişaf davamlılığı ilə diqqətdədir. «İqtisadiyyatın güclü olan dövlət hər şeyə qadirdir» tezisi Azərbaycanın timsalında daha aydın görünür. Ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurması gələcəyə daha böyük inamla addımlamasını şərtləndirir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyət başladığı ilk gündən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Bu hədəf artıq reallıqdır. Regional inkişaf proqramlarının uğurlu icrası bu hədəfə yüksək səviyyədə nail olmağa, qeyri-neft sektorunun inkişafına geniş imkanlar açdı.

Təbii ki, uğurlarımızı bir yazıda əhatə etmək qeyri-mümkündür. Onların zirvəsində dayanan tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsində də «Əsrin müqaviləsi»nin rolu böyükdür. Bu sazişin imzalanması ilə başlanan tərəqqi bizi Zəfərə, suverenliyimizin tam bərpa edilməsinə qovuşdurdu. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyimiz əsas rola malikdir ki, bunun əsasında «Əsrin müqaviləsi» dayanır. Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş rayonlarda bərpa və quruculuq işlərinin geniş vüsət alması, soydaşlarımızı üçün ən yüksək yaşayışın təmin edilməsi də neft strategiyasının uğurlarıdır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan bundan sonra da neft strategiyasının uğurlarını yaşayacaq, daha möhtəşəm zəfərləri ilə dünyanın diqqətində olacaq.

Yeganə Əliyeva, «İki sahil»