20 sentyabr 2024 16:47
100

“Sağlam gənclik sağlam ailənin təminatıdır”

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq sentyabrın 20-də Zaqatala rayonunda “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  əvvəlcə Zaqatala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Zaqatala rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Tofiq Əhmədov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu gün qlobal miqyasda əsas çağırışlarından biri narkomaniyaya qarşı mübarizədir. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində silsilə tədbirlər keçirilir. Əsas məqsəd gəncləri məlumatlandırmaq və maarifləndirmə yolu ilə sağlam gələcəyimizin təmin olunmasına töhfə verməkdir. Qeyd edilib ki, ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir, həmçinin milli-mənəvi dəyərlərin qoruyucusu və ötürücüsüdür. Bu dəyərlərin qorunmasında cəmiyyətin bütün institutları fəal və məsuliyyətli olmalıdır.

Diqqətə çatıdırılıb ki, ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün əlverişli şərait yaratmaqla yanaşı, onların vətənpərvər ruhda formalaşmasını təmin edib. Bu baxımdan, xalqımızın tarixində möhtəşəm səhifə açmış 44 günlük Vətən müharibəsi və bir günlük lokal xarakterli antiterror tədbirləri gənclərimizin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla hər il sentyabrın 20-i Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Ötən il cəmi 23 saat 43 dəqiqə davam etmiş və sentyabrın 20-də başa çatmış antiterror əməliyyatları nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində ölkəmizin suverenliyi tam təmin edilib. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

İnteraktiv formada davam etdirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.