21 sentyabr 2024 12:47
86

Çin modernləşmənin açdığı inkişaf imkanlarını Azərbaycanla bölüşməyə hazırdır

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq əlaqələr kafedrasının və Siyasi Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Çinin modernləşməsi və Azərbaycan-Çin əlaqələrinin inkişafı” mövzusunda elmi seminar keçirilib.

"İki sahil" ADU-ya istinadən xəbər verir ki, seminarda çıxış edən Çinin Azərbaycandakı səfirliyinin diplomatları Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 3-cü plenumunun qərarında öz əksini tapmış Çinin modernləşməsinin təşviqi istiqamətində islahatların hərtərəfli dərinləşdirilməsinin əhəmiyyəti və məqsədlərindən danışıblar. Qeyd olunub ki, 2035-ci ilə qədər Çində yüksək səviyyəli sosialist bazar iqtisadiyyatı sistemi tam formalaşacaq və daha da mükəmməlləşəcək, dövlət idarəçiliyi sistemi və imkanları müasirləşəcək. Bu da modernləşdirilmiş sosialist ölkənin tam qurulması üçün möhkəm zəmin yaradacaq.

Seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov vurğulayıb ki, Çin modernləşmə prosesində müstəqil sülhsevər xarici siyasətə möhkəm sadiqdir, bəşəriyyətin ortaq taleyi icmanın qurulmasına kömək edir və qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya üçün təşəbbüslər həyata keçirir. R.Abbasov onu da qeyd edib ki, ölkəmiz üçün etibarlı tərəfdaş kimi Çin modernləşmənin açdığı inkişaf imkanlarını Azərbaycanla bölüşməyə hazırdır. Bu ilin iyulunda Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığa güclü təkan verən Çin-Azərbaycan strateji tərəfdaşlığının yaradılmasını elan etdilər. İki dövlət başçısının strateji rəhbərliyi altında Çin Azərbaycanla hərtərəfli əməkdaşlığı, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsini dərinləşdirməyə hazırdır.

Seminarda ADU-nun Siyasi Araşdırmalar Mərkəzinin direktoru Əli Məmmədov, Beynəlxalq əlaqələr kafedrasının müdiri Aidə Yusifzadə, müəllimlərdən Mehriban Babaxanova, Aytən Mustafayeva, Abbas Əliyev və Nazilya Dostyarı Çin bazar iqtisadiyyatının baza institutlarının təkmilləşdirilməsinin xüsusiyyətləri və proqramlarından, müasir infrastrukturun yaradılması və innovasiyaların tətbiqi mexanizmlərindən, iqtisadiyyatın real sektoru ilə rəqəmsal iqtisadiyyatın inteqrasiyasından, vahid ümum-Çin bazarının formalaşdırılmasından danışıblar.

Çıxış edənlər təhsil, elmi-texniki, xarici investisiyaların idarə olunması sistemində kompleks islahatların aparılması, “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, kütləvi və məşvərətçi demokratiya sisteminin təkmilləşdirilməsi məsələlərini də müzakirə ediblər.

Həmçinin Çinin sosialist hüquq sisteminin təkmilləşdirilməsi, mədəni mexanizmlərin islahatının dərinləşdirilməsi, ekoloji sivilizasiyanın əsas sisteminin, yaşıl və aşağı karbonlu inkişaf mexanizminin təkmilləşdirilməsi, partiya quruculuğu sistemində islahatların aparılması məsələləri müzakirə olunub.