21 sentyabr 2024 12:58
85

Mətbuat Şurasında dezinformasiyanın müasir dövrdə törətdiyi təhlükələrdən danışıblar

Mətbuat Şurasında “Dezinformasiyaya qarşı mübarizə vasitələri” mövzusunda konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfrans mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan eyniadlı layihə çərçivəsində təşkil edilib. Layihənin 5 ay müddətində davam etdiyini diqqətə çatdıran koordinator Müşfiq Ələsgərli əlavə edib: “Bu müddət ərzində “Saxta xəbər” (Fake news) və onun növləri (“Misinformation”, “Disinformation”) üzrə son elmi nəzəriyyələr araşdırılaraq ümumiləşdirilib. Tədqiqat nəticəsində əldə edilmiş məlumatlar məqalələr halında hazırlanaraq Azərbaycanın media subyektlərində dərc edilib. Mövzu üzrə yeni trendlərin Azərbaycan auditoriyasına çatdırılması üçün zəruri addımlar atılıb”.

O qeyd edib ki, layihə üzrə həm də inkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə məqsədilə tətbiq edilən mexanizmlər barədə məlumatlar toplanılıb: “Almaniya, Fransa, Türkiyə, Çin və Rusiyada dezinformasiyaya qarşı mübarizə məqsədilə tətbiq olunan modellər öyrənilib. Bu modellər barədə də maarifləndirici məqalələr hazırlanaraq media subyektlərində dərc edilib. Beləliklə, Azərbaycanın xəbər istehsalçılarının inkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə üçün tətbiq edilən qanunlar və inzibati mexanizmlər barədə məlumat almalarına imkan verən baza hazırlanıb”.

Digər çıxış edənlər də dezinformasiyanın müasir dövrdə törətdiyi təhlükələr barədə danışıblar. Onlar dünyanın aparıcı ölkələrində tətbiq edilən və dezinformasiyaya qarşı mübarizəni ehtiva edən modellərin Azərbaycanda da tətbiq edilməsinin müsbət nəticələr verə biləcəyini qeyd ediblər.