23 sentyabr 2024 00:44
82

Şahmat Olimpiadasını kişilər 8-ci, qadınlar 15-ci pillədə başa vurub

Macarıstanın paytaxtı Budapeştə keçirilən 45-ci Şahmat Olimpiadası yekunlaşıb.

"İki sahil" İdman.biz-ə istinadən xəbər verir ki, kişilərdən ibarət yığma yarışı 8-ci, qadınlar isə 15-ci pillədə başa vurub.

Kişilər 11 turdan sonra 16 xal toplayıblar. Komandamız keçirilən görüşlərə 7 qələbə qazanıb, 2 dəfə uduzub və 2 dəfə xalları yarıya bölüb. Hindistan yığması 21 xalla olimpiadanın qalibi olub. ABŞ və Özbəkistan şahmatçıları isə 17 xalla 2-3-cü yerləri bölüşüblər.

Qadınlardan ibarət millimiz yarışı 15 xalla başa vurub. Hesabında 6 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət olan zəka sahiblərimiz liderdən 4 xal geri qalıblar. Qadınların yarışında da Hindistan (19 xal) 1-ci yeri tutub. Qazaxıstan (18 xal) 2-ci, ABŞ (17 xal) isə 3-cü olub.