23 sentyabr 2024 13:48
73

Odessada hakimiyyəti ələ keçirməyə hazırlaşan Rusiya xüsusi xidmət orqanlarının dəstəsi ifşa olunub

Ukrayna Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyatı və Dövlət Təhqiqat Bürosu Odessada Rusiya hərbi kəşfiyyatının əməliyyat-döyüş dəstəsini zərərsizləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, Rusiya Federasiyası Baş Qərargahının Baş İdarəsinin döyüş dəstəsi Odessa vilayətində dövlət qurumlarını güc yolu ilə ələ keçirməyə hazırlaşırdı. 70-dən çox odlu silah, zirehli geyim, dəbilqə, ballistik eynəklər və digər taktiki avadanlıqlar müsadirə edilib.

Qeyd olunub ki, dəstənin rezidenti müvəqqəti olaraq işğal olunmuş Krımın sonradan Odessaya köçən 49 yaşlı sakini olub. Müharibənin əvvəlində o, bir neçə ictimai təşkilat adı altında döyüş dəstələri yaratmağa başlayıb.

Ümumilikdə dəstə 20-dən çox insanı öz sıralarına cəlb edib. Onlarla bağlı təhqiqat aparılır və məsuliyyətə cəlb olunmaları istiqamətində kompleks tədbirlər davam etdirilir.