24 sentyabr 2024 01:57
95

Fransanın vandal və qandal siyasəti… - VİDEO

Fransanın özünü "demokratik" və "insan hüquqlarını müdafiə edən" bir ölkə kimi tanıtsa da müstəmləkələrdəki hadisələr bu iddialarla ziddiyyət təşkil edir

Artıq yüz illər boyunca məcburi qaydada Fransadan asılı vəziyyətdə saxlanılan, sərvətləri talanan, ən adi insan hüquqları belə kobud şəkildə pozulan, ənənələrinə və milli kimliklərinə hörmətsiz münasibət bəslənilən Azsaylı xalqlar daha belə yaşamaq istəmirlər və öz etirazlarını getdikcə artırırlar. Fransa müstəmləkəsi olan Korsikada, Yeni Kaledoniyada, Martinikdə və başqa müstəmləkələrdə insanlar ayağa qalxıb müstəqillik uğrunda mübarizə aparırlar. Gah bu, gah da digər ölkələrində tez-tez “Rədd ol, Fransa!” şüarları səsləndirilir. Aydın  görsənir ki, Korsikada, Yeni Kaledoniyada və digər Fransa müstəmləkələrində müstəqillik uğrunda mübarizə güclənir. Eyni zamanda Fransanın polis repressiyaları da şiddətlənir. 

Rəsmi Paris yalnız Yeni Kaledoniyada deyil, həmçinin digər müstəmləkələrində də ciddi problemlərlə üzləşir. Karib dənizində yerləşən Martinik adasında da illərdir etirazlar baş qaldırır. Burada da müstəmləkə dövründən qalma qurumlar yerli xalqların haqsızlığa məruz qalmasına səbəb olur. Martinikdə və digər Karib adalarında Fransa idarəçiliyinə qarşı etirazlar əsasən iqtisadi bərabərsizliklər, işsizlik və yerli xalqın öz taleyini təyinetmə hüququnun məhdudlaşdırılması ilə bağlıdır. Bu vəziyyətlərə cavab olaraq, Fransa Müstəmləkələrinin Azadlıq Cəbhəsi və digər müstəqillik tərəfdarları dövlət qurumlarının Matignon və Numea müqavilələrinə sadiq qalmadığını iddia edirlər. Bu müqavilələrə əsasən, Fransa müstəmləkə xalqlarının öz müqəddəratını təyinetmə haqqını tanımalı və onlara daha geniş siyasi və iqtisadi hüquqlar verməli idi. Lakin Fransa hökumətinin müstəmləkə torpaqlarında asayişi qorumaq bəhanəsi ilə zorakı üsullardan istifadə etməsi bu müqavilələrə ziddir.

Fransa Martinik xalqının öz müqəddəratını təyin etmə hüququnu tam təmin etmədiyinə görə BMT Nizamnaməsinin 1(2)-ci maddəsini pozur. BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinik xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir. BMT-nin 1514 (XV) saylı qətnaməsinə uyğun olaraq, Fransa müstəmləkə sistemini davam etdirdiyi üçün bu qətnamənin müddəalarını pozur. 1541 (XV) saylı qətnaməyə əsasən, Fransa Martinik xalqına müstəqillik və ya geniş daxili özünüidarə hüququ vermək istəmir və onun müddəalarını bilərəkdən pozur.

1946-cı il qanunsuz referendumu nəticəsində Martinik Fransanın dənizaşırı departamenti statusunu alır. Bununla, Martinik beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınır və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edilir. 2003-cü il referendumu ilə nəticələr saxtalaşdırılır və Fransanın ərazidə qanunsuz fəaliyyəti daha da gücləndirilir. Ardınca da 2010-cu il referendumu ilə Fransa Martinik xalqının iradəsinə zidd addımlar atır və onların hüquqlarını daha da məhdudlaşdırır. Yerli əhali qondarma referendumun nəticələrinin xalqın tam suverenliyini ifadə etmədiyini vurğulayır. Fransanın Martinikdə keçirdiyi özünəməxsus referendumlar beynəlxalq müşahidəçilər tərəfindən suverenlik hüququnun tam təmin edilməsi baxımından yetərsiz hesab olunur. Yerli əhali referendumun qeyri-obyektiv keçirildiyini və Fransanın təsirinin xalqın həqiqi iradəsini əks etdirmədiyini qeyd edirlər. Martinikdə keçirilən referendumlar beynəlxalq hüquqa görə xalqın öz müqəddəratını tam təyin etmək hüququnu əks etdirmir. Fransa referendumları xalqın iradəsini əks etdirdiyini bildirsə də, Martinik xalqı bu prosesi yetərsiz, qeyri-şəffaf və siyasi manipulyasiyaya açıq hesab edir.

Beləliklə, Fransa müstəmləkə altında olan xalqların problemlərini zorakı üsullarla həll etməyə üstünlük verir. Bu səbəbdən də beynəlxalq ictimaiyyət Fransaya təzyiq göstərməli, hüquq standartlarına hörmət etməsini tələb etməlidir.

Martinik xalqının iqtisadi və sosial ədalət haqları repressiyaya məruz qalır. Fransa hökuməti Martiniki məcbur edir ki, ticarəti ancaq materik Fransası ilə saxlasın, digər ərazilərlə iqtisadi əlaqələr saxlamasın. Bu da adada qiymətlərin hədsiz qalxmasına səbəb olur. Martinikdə olan böyük ticarət şəbəkələri etnik fransızlara mənsub olduğundan onlar bu siyasətdən çoxlu gəlir əldə edir, yerli əhali isə əziyyət çəkir.

Fransa hökumətinin Martinikə ayırdığı subsidiyaların əksəriyyəti buraya məqsədli köçürülmüş ağdərili fransızlara verilir. Adanın sahiblərinə qarşı diskriminasiya edilərək onlar iqtisadi yardımdan məhrum edilirlər. Sosial ədalət prinsipləri yerinə yetirilmir, yerli əhali haqlarından məhrum edilir. Martinik xalqının ədalət və bərabərlik tələbləri repressiv tədbirlərlə boğulur. Bu repressiya müstəmləkəçilik məntiqinin davamıdır. Fransa dövlətinin müstəmləkə siyasəti isə Martinikdəki iqtisadi və sosial ədalətsizliyi artırır.

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə paytaxtımızda keçirilən beynəlxalq konfranslarda dəfələrlə bu məsələyə toxunulub. Müstəqil Martinik Naminə Ekoloqlar və Demokratlar Hərəkatının nümayəndəsi Claudette Duhamel Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib ki, Fransa Amerika qitəsinə gələndən sonra hər şeyi əlimizdən aldı. Onlar müstəmləkəçilikdən sadəcə öz maraqları üçün istifadə etdilər. Bizə mebel kimi davrandılar, bədənimiz bizə aid deyildi. Ona görə də Fransa müstəmləkəçiliyi müstəmləkə siyasətinin ən ağırıdır.

Çıxışçı qeyd edib ki, Fransa onların mədəni irsini də əllərindən alıb: "Bizim nəinki torpaqlarımızı, mədəniyyətimizi, insani keyfiyyətlərimizi də əlimizdən aldılar. İqtisadiyyatımıza ziyan vuruldu. Tətbiq etdikləri zəhərli maddələr nəticəsində əhalimizin 90 faizi zəhərləndi. Çox adamda xərçəng xəstəliyi yarandı. Fransa bu məsələ ilə bağlı həkimlərə danışmağa icazə vermir".

Onun sözlərinə görə, ölkədə bir faiz olsa belə bütün iqtisadiyyat fransız müstəmləkəçilərin əlindədir: "Xalqımız ölkəni idarə edə bilmir, ölümcül vəziyyətdədir. Kənd təsərrüfatımız var idi, amma artıq keçmişdə qalıb. Onlar torpaqlarımızı zəhərləyib məhv etdilər. Ona görə də ərzağımızı başqa yerdən almalıyıq. Biz idxaldan asılı vəziyyətə gəlmişik. Artıq gəncliyimiz nə edəcəyini bilmir, üfüqdə heç nə görmür. Fransadan qorxurlar, çünki sürgün edilirlər. Kanakda və Polineziyada törətdiklərini bizdə də edirlər, əhalimizi öldürürlər. Onların yerində də fransızları məskunlaşdırırlar, onlar quldarlardır. Mənim nəslimdən olan insanlar böyük bədəl ödəyib, çünki davamlı mübarizə aparmışıq. Bu günün gəncləri isə boykota qərar veriblər, onlar böyük supermarketləri boykot etdilər, nəticədə dəhşətli repressiya baş verdi. Gəncləri həbs etdilər. Ölkədə aparıcıların hamısı ağdərilidir".

Göründüyü kimi, Martinikdə mənzərə ürəkaçan deyil. Martinik xalqının iqtisadi və sosial ədalət haqları vəhşicəsinə basdırılır. Xalqın tələblərini boğmağa yönəlmiş bu dövlət repressiyası müstəmləkə məntiqinin bir hissəsidir. Bütün bunlar Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Rəsmi Paris özünü "demokratik" və "insan hüquqlarını müdafiə edən" bir ölkə kimi tanıtsa da müstəmləkələrdəki hadisələr bu iddialarla ziddiyyət təşkil edir.

Hazırda Fransa dünya nizamında iddia etdiyi yeri tuta bilmir. Ona görə də demokratiyadan dəm vuran rəsmi Paris müstəmləkəçilik siyasətindən imtina etməli və dünyada yaşayan bütün xalqlar azad şəkildə yaşamalı və öz fəaliyyətləri ilə bəşəriyyətə töhfə verməlidirlər. Fransa Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməli və məsuliyyətini etiraf etməlidir. Yelisey Sarayı qlobal sülh üçün müstəmləkə keçmişinə və indiki münasibətə görə üzr istəməlidir.

Yaqut Ağaşahqızı, “İki sahil”