25 sentyabr 2024 00:26
79

Ermənistan Azərbaycana təzminat ödəsin! - Tələb edirik

Hər bir dövlətin beynəlxalq hüququn subyekti kimi mövcud hüquqi rejim çərçivəsində, qüvvədə olan qaydalara uyğun davranış sərgiləməsi sadəcə bir seçim deyil, bu, onun üzərinə düşdüyü öhdəlikdir. Əgər o mövcud hüquqi nizamın hər hansı qaydasını pozursa və qeyri-qanuni vəziyyət yaradırsa, deməli üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və yaratdığı vəziyyət nəticəsində vurduğu zərərin qarşılığını ödəməlidir. Başqa cür desək, beynəlxalq hüquqi nizam dövlətin beynəlxalq öhdəliklərini pozaraq törətdiyi qeyri-qanuni əmələ görə təzminat ödəməsini nəzərdə tutur. Bu məsələ ətrafında gedən müzakirələr XX əsrdən etibarən beynəlxalq pozitiv hüquqda dolğun ifadəsini tapmışdır.

Təzminat məsələsi tarix boyu dövlətlərarası münasibətlərdə daha çox ticarət müstəvisində özünü büruzə vermişdir. Tarixdə çoxlu hallar var ki, bir dövlət digər dövlətin ərazisində onun tacirlərinə dəyən zərərin qarşılığını tələb etmiş, hətta hərbi yürüş, daha müasir dövrlərdə isə daxil işlərə müdaxilə üçün ondan bəhanə kimi istifadə etmişdir. Beynəlxalq hüquqi nizamın bu məsələyə yanaşması sui-istifadə hallarının qarşısını almağa və ümumi qaydaların formalaşmasına töhfə verməyə xidmət edir. Beynəlxalq daimi ədalət məhkəməsi 1928-ci ildə təzminatın dəyən zərərin nəticələrinin aradan qaldırılmasını və zərərdən əvvəlki vəziyyətin bərpasını nəzərdə tutduğunu təsdiq edir. Artıq dövlət qeyri-qanuni fəaliyyətin doğurduğu nəticələrin aradan qaldırılması üçün təzminat ödəməyə borclu hesab edilir.

Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi beynəlxalq hüququn fundamental prinsiplərini pozan və  beynəlxalq hüquq tərəfindən qadağan edilmiş təcavüz aktıdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədlərini keçməsi, Azərbaycan ərazilərində döyüşməsi və qeyri-qanuni erməni hərbi birləşmələri ilə hərbi əməliyyatları planlaşdırması təcavüzün bariz nümunəsidir. 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın bütün hərbi potensialı ilə məğlubiyyətini etiraf etməsi həm də təcavüzün etirafı idi. Bu, Ermənistanın beynəlxalq məsuliyyətini təsdiqləyir, onun beynəlxalq öhdəliklərini pozaraq qeyri-qanuni vəziyyət yaratdığını və bu vəziyyətin doğurduğu nəticələrə görə məsuliyyət daşıdığını göstərir. Başqa cür desək, suveren Azərbaycan ərazisində qeyri-qanuni işğal nəticəsində törədilmiş dağıntılara görə Ermənistan məsuliyyət daşıyır. Çünki işğalçı dövlət, yəni Ermənistan işğal edilmiş ərazi üzərində suverenliyə malik deyildi, işğal rejimi çərçivəsində fəaliyyət göstərirdi və bu ərazilərin işğalının müvəqqəti hal olmasını anlayırdı (hətta danışıqlar prosesində işğal edilmiş rayonların qaytarılması təklifi müzakirə edilirdi). Lakin Ermənistan bu müvəqqəti vəziyyətdən “yandırılmış ərazi” siyasəti həyata keçirmək və azərbaycanlıların qayıdış hüququna mane olmaq üçün istifadə etdi.

Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur, tarixi, dini, mədəni abidələr, dövlət obyektləri tamamilə məhv edilib. Eləcə də həmin ərazilərin flora və faunasına, ekologiyasına ciddi ziyan vurulub. Yəni, ermənilər işğal altında saxladıqları ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib. İşğaldan azad edilən ərazilərdə geniş bərpa prosesi aparılsa da, dağıntılar olan yerlərdə erməni vandalizminin miqyasını aydın şəkildə görmək olur. Yüzlərlə yaşayış məntəqəsi tamamilə yerlə-yeksan edilib.

Rəsmi İrəvan Birinci Qarabağ müharibəsi, 30 illik işğal dövrü və İkinci Qarabağ müharibəsi zamanı ərazilərimizə vurduğu ziyana görə təzminat ödəməlidir. Prinsip etibarilə bu məsələ bir müddətdir gündəmdən çıxmış kimi görünsə də postkonflikt dövründə münaqişənin fəsadlarının aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi həmişə gündəmdə olub.  Keçmiş "Dağlıq Qarabağ" münaqişəsi artıq tarixə çevrildiyindən, Ermənistanın Azərbaycana vurduğu ziyanın ödənilməsi hazırda aktual məsələdir.  

Ermənistanın təzminat ödəməsi hüquqi öhdəliyin yerinə yetirilməsidir. Hər iki dövlət arasında sülh və barışıq ilk növbədə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Əgər mənəvi ziyan Ermənistanın təcavüz və işğalçılıq siyasətinə görə Azərbaycan xalqından üzr istəməsini və ərazi iddialarından hüquqi və siyasi müstəvidə birdəfəlik imtinasını ehtiva edirsə, maddi ziyan fərdi və ictimai zərərin kompensasiyasını nəzərdə tutur. Ermənistanın işğal etdiyi ərazilərdə vurduğu zərərin həcmi Vətən müharibəsindən dərhal sonra hesablanmışdır. Sanki Livan boyda bir ölkənin darmadağın edilmiş ərazisi yenidən qurulmalıdır. Ermənistanın təzminat ödəməsi bir neçə formada həyata keçirilə bilər:

XX əsrin böyük münaqişələrinin yekununda məğlub olmuş təcavüzkar dövlətlərin zərərin ödənilməsi ilə bağlı öhdəlikləri sülh müqaviləsinin şərtlərində öz əksini tapıbdır. Ermənistanla sülh danışıqları mütləq şəkildə Ermənistanın təzminat məsələsini əhatə etməli, onun vurduğu zərərin bərpa edilməsi üçün ödəyəcəyi məbləğin miqdarı və ödəniş formaları müəyyən olunmalıdır.

Əgər Ermənistanın maliyyə durumu buna imkan vermirsə beynəlxalq təzminat fondu yaradıla bilər və Ermənistan “dostları” həmin fond vasitəsilə təzminatın ödənilməsində iştirak edə bilər.

Məhdud iqtisadi imkanları olan Ermənistan işğal dövründə vurduğu ziyanın əvəzini pul ilə ödəmək iqtidarında deyil. Mövcud şəraitdə Ermənistan təzminatı digər kompensasiya formaları ilə də ödəyə bilər. İkinci Dünya müharibəsində Almaniyada olduğu kimi, Ermənistan da torpaqlarının bir hissəsini Azərbaycana təzminat formasında verə bilər. Burada söhbət əsasən tarixi Azərbaycan torpağı sayılan Qərbi Zəngəzurun geri qaytarılmasından gedir. Bu həm də tarix və beynəlxalq hüquq qarşısında ən ədalətli seçim hesab edilir. Bu variant Naxçıvanla birbaşa əlaqəni təmin etməklə ümumilikdə türk dünyasının birliyi baxımından mühüm əhəmiyyət daşıyır. Kompensasiyanın geri qalan hissəsi təbii resurs mədənlərindən (qiymətli metallar, dəmir filizi və s.) istifadə hüququnun Azərbaycana verilməsi ola bilər. Bütün bu öhdəliklərin yerinə yetirilıməsi üçün beynəlxalq təşkilatların Ermənistana təsirinin artırılması çox vacibdir. Beynəlxalq təşkilatlar Ermənistanın qarşısında bu öhdəlikləri qoymalı və yerinə yetirilməsinə nəzarət etməlidirlər.

Göründüyü kimi, Ermənistan öz ərazisindən Azərbaycanın xeyrinə müəyyən güzəştləri özündə ehtiva edən təzminat razlışmasına gedə bilər. Bu, Ermənistanın müəyyən əraziləri üzərində suveren hüquqlarından Azərbaycanın xeyrinə imtina etməsini və ya suveren ərazilərində müəyyən funksional suveren hüquqların, yəni müəyyən fəaliyyət sferalarının uzunmüddətli konsessiyasını özündə ehtiva edə bilər.

Beləliklə, Qərbi Azərbaycan torpaqlarında öz­lərinə dövlət qurmuş ermənilər bu azmış kimi, Qarabağ iddiası ilə 30 il ərzində ölkəmizin 20 faizlik bir ərazisini də işğal altında saxlamışlar. Nəticədə ölkəmizə milyardlarla dollar həcmində zərər vur­ulmuşdur. Ermənistanın işğalçı dövlət olması və 30 il ərzində Azərbaycan dövlətinə vurdu­ğu zərərə görə təzminat ödəməsi məsələsi artıq gündəmə daşınmaqdadır. 

Yaqut Ağaşahqızı, “İki sahil”