25 sentyabr 2024 11:08
77

Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşılmalıdır

Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşma tətbiq etmək lazımdır.

“İki sahil” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayev Bakıda keçirilən Beynəlxalq Kiberdiplomatiya Konfransında bildirib.

O qeyd edib ki, kiberhücumlar kritik infrastrukturların fəaliyyətini poza, məlumatları manipulyasiya edə və demokratik təsisatlara inamı zədələyə bilər: "Buna görə texniki tədbirlərlə yanaşı, qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün diplomatik səyləri, hüquqi çərçivələri və potensialı artırmaq təşəbbüslərini əhatə edən kompleks yanaşma tətbiq etməliyik”.

Onun sözlərinə görə, bu gün Kiberdiplomatiya Konfransında hökumət nümayəndələri, diplomatlar, kibertəhlükəsizlik üzrə mütəxəssislər, beynəlxalq təşkilatların nümayəndələri, akademik dairələr və özəl sektorun nümayəndələri iştirak edirlər: “Konfransda belə zəngin tərkibli iştirakçıların fikir və təcrübə mübadiləsi kibertəhlükəsizlik və kiberdiplomatiya sahəsində daha əhatəli və səmərəli yanaşmanın inkişafına mütləq töhfə verəcək".